...

Azərbaycanda ötən il 50 malyariyaya yoluxma hadisəsi qeydə alınıb

Cəmiyyət Materials 29 Mart 2011 17:16 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının qlobal malyariya proqramının direktoru Robert Nyuman və ÜST Avropa Regional Bürosunun malyariya və digər parazitar xəstəliklər proqramının rəhbəri Mixail Ejovla nazirlikdə keçirilən görüşdə Azərbaycanda malyariya xəstəliyi ilə bağlı vəziyyət müzakirə olunub.
Azərbaycanda ötən il 50 malyariyaya yoluxma hadisəsi qeydə alınıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən il malyariyaya yoluxma ilə bağlı 50 hadisə qeydə alınıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal malyariya proqramının direktoru Robert Nyuman və ÜST Avropa Regional Bürosunun malyariya və digər parazitar xəstəliklər proqramının rəhbəri Mixail Ejovla nazirlikdə keçirilən görüşdə Azərbaycanda malyariya xəstəliyi ilə bağlı vəziyyət müzakirə olunub.

Bildirilib ki, malyariyaya görə vəziyyət 1990-cı ildən sonra çox sürətlə pisləşməyə başlayıb. Baş vermiş epidemiya 1996-cı ildə ən yüksək səviyyəyə çatıb. Həmin il malyariya hadisələrinin sayı 13 135 olub. Ölkədə genişmiqyaslı antiepidemik tədbirlərin aparılması nəticəsində malyariyaya görə epidemioloji vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşaraq 2010-cu ildə cəmi 50 hadisə qeydə alınıb.

Robert Nyuman və Mixail Ejovun Bakıya səfəri bazar ertəsindən başlayıb və martın 31-dək davam edəcək.

Görüşdə qonaqlar Azərbaycanda malyariya ilə mübarizə sahəsində əldə edilmiş nailiyyətlərlə tanış olub, eləcə də bu sahədə uğurlu və məhsuldar ikitərəfli əməkdaşlığın gələcək inkişaf yolları müzakirə olunub.

Səfər çərçivəsində müvafiq idarə və müəssisələrin və tərəfdaş təşkilatların rəsmiləri ilə görüşlər aparılacaq, malyariyaya görə endemik ərazilərə baxış keçiriləcək.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 3,3 milyard insan, yəni dünya əhalisinin yarısı malyariya ilə yoluxma riski altında yaşayır. Hər il dünyada təxminən 250 milyon malyariya hadisəsi qeydə alınır və bunlardan təxminən bir milyonu ölümlə nəticələnir. Malyariya xüsusilə Afrika regionu üçün böyük bəladır. Dünyada hər 30 saniyədə bir uşaq malyariyadan dünyasını dəyişir.

2008-ci ildə Azərbaycanda Malyariyanın Eliminasiyası üzrə 2008-2013-cü illər üçün Milli Strategiya və Tədbirlər Planı qəbul edilib. Yeni milli strategiyanın son məqsədi respublikanın malyariogen rayonlarında 2013-ci ilədək malyariya ilə yerli yoluxmaların kəsilməsi və onun eliminasiyasıdır.

Xəbər lenti

Xəbər lenti