...

Azərbaycanda iqtisadi və psixi zorakılıq edən şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar

Cəmiyyət Materials 14 İyun 2011 16:12 (UTC +04:00)
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə nəzərdə tutulub.
Azərbaycanda iqtisadi və psixi zorakılıq edən şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda iqtisadi və psixi zorakılıq edən şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə nəzərdə tutulub.

Dəyişikliklərlə İXM-ə məişət zorakılığının qarşısının alınması barədə qanunvericiliyin pozulması ilə bağlı 307-2-ci maddənin əlavə edilməsi təklif olunur.

Həmin maddədə qeyd olunur ki, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan istifadə edilməsinə yönəlmiş hərəkətlər inzibati məsuliyyətə səbəb olacaq.

Bu hərəkətlərə yol verən yaxın qohum, ailə üzvləri, keçmiş ər-arvad, qəyyum və himayəçilər, üzərində qəyyum və himayəçi təyin olunan şəxslər, qanuni nikahda olmadan birgə yaşayan kişi və qadın 100 manatdan 300 manatadək miqdarda cərimə ediləcəklər.

Digər bir dəyişikliyə görə, məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər də inzibati məsuliyyət yaradacaq.

Bu hərəkətləri edən yuxarıda göstərilən şəxslər 300 manatdan 500 manatadək miqdarda cərimələnəcəklər.

Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərmələri də inzibati məsuliyyətə səbəb olacaq.

Bu pozuntuya görə 35 manatdan 50 manatadək miqdarda cərimə nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti