...

Təhsil Nazirliyi yuxarı yaş senzinin kənd məktəblərində müəyyən problemlər yaradacağını istisna etmir

Cəmiyyət Materials 20 İyun 2011 12:46 (UTC +04:00)
"Dövlət qulluğu haqqında" qanuna edilən dəyişiklərlə əlaqədar dövlət müəssisələrində çalışanlar üçün yuxarı yaş həddinin 65 yaş müəyyənləşdirilməsi şəhərlərin orta məktəblərində kadr problemi yaratmasa da, ucqar kənd məktəblərində müəyyən problemlər meydana çıxa bilər.
Təhsil Nazirliyi yuxarı yaş senzinin kənd məktəblərində müəyyən problemlər yaradacağını istisna etmir

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İ.İsabalayeva/

"Dövlət qulluğu haqqında" qanuna edilən dəyişiklərlə əlaqədar dövlət müəssisələrində çalışanlar üçün yuxarı yaş həddinin 65 yaş müəyyənləşdirilməsi şəhərlərin orta məktəblərində kadr problemi yaratmasa da, ucqar kənd məktəblərində müəyyən problemlər meydana çıxa bilər. Bunu bazar ertəsi Trend-ə Təhsil Nazirliyinin (TN) Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

"Ümumilikdə yaş senzinin tətbiqi nəticəsində təhsil müəssisələrində kadr baxımından heç bir problem yaranmayacaq. Biz artıq müəyyən təhlillər aparmışıq. Bu yeniliyin tətbiqi şəhərlərdə ümumiyyətlə, problem yaratmayacaq. Çünki şəhərlərdəki orta məktəblərdə müəllim sıxlığı var. Ola bilər ki, ucqar kənd məktəblərində müəyyən problemlər yaransın. Ancaq biz onu da həll edəcəyik",- Qədirov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, qanunun tətbiqi ilə əlaqədar ucqar kənd məktəblərində problem yaranarsa, TN həmin məktəblərdəki vakant yerlərə yenidən müəllimlərin qəbulunu həyata keçirə bilər.

Qədirov deyib ki, ucqar kənd məktəblərində kadr çatışmazlığı problemi yaranacağı təqdirdə həmin müəssisələrdə işləyən 65 yaşlı müəllimlərin əmək fəaliyyətinin uzadılması məsələsinin gündəmə gəlib-gəlməyəcəyi qanunun icra mexanizmlərindən asılı olacaq.

Onun sözlərinə görə, bu icra mexanizmləri hələ hazır deyil. Həmin mexanizm hazır olduqdan sonra TN bu prosesin hansı formada həyata keçiriləcəyini, eyni zamanda 65 yaşlı müəllimlərin orta məktəblərdə əmək fəaliyyətinin nə vaxtdan dayandırılacağını da biləcək.

"Orta məktəblərdə çalışan 65 yaşlı müəllimlərin yeni tədris ilində işləyib-işləməyəcəkləri yenə də icra mexanizmindən və bu mexanizm əsasında bizə veriləcək tapşırıqdan asılıdır. Biz hələ bilmirik ki, bu proseslərə dərhal, yoxsa mərhələ-mərhələ başlamaq lazımdır. Amma artıq növbəti tədris ilinə hazırlıqlar aparılır. Dərs yükü bölünür və s. işlər görülür. 65 yaşlı müəllimlər də hələ işlədikləri məktəblərin müəllimləridirlər",- nazirlik rəsmisi əlavə edib.

Qədirov bütün təhsil sistemində çalışan müəllimlərin 15 faizinin 65 yaşlı olduğunu söyləyib.

"Dövlət qulluğu haqqında" qanuna edilən dəyişikliyə görə, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yuxarı yaş həddi 65-dir.

65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir.

Dövlət orqanlarında dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 5 faizindən artıq ola bilməz.

Naxçıvan Muxtar Respublikası istisna olmaqla, hazırda Azərbaycanın ümumtəhsil məktəblərində 65 yaşı tamam olmuş və bu il dekabrın 31-dək 65 yaşı tamam olacaq 17 471 nəfər çalışır. Onların 497-si direktor, 11 385-i direktor müavini və müəllimlər, 449-u laborant, psixoloq, tərbiyəçi, kitabxana müdiri, kitabxana işçisi, uşaq birliyi rəhbəri, tibb baçısı və s., 5 140-ı texniki işçilərdir.

Xəbər lenti

Xəbər lenti