Azərbaycan, Bakı, 24 iyun /Trend/
Bakıda "Park İnn" otelində iyun 28-29-da "Əmək Miqrantlarının Sosial Müdafiəsi və Qloballaşma" mövzusunda beynəlxalq texniki seminar keçiriləcək. Bu barədə cümə günü Trend-ə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev deyib.
Babayev deyib ki, seminarda DSMF, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) və Beynəlxalq Pensiya və Sığorta Fondları Assosiasiyasının (BPSFA) birgə təşkilatçılığı ilə baş tutacaq beynəlxalq tədbirdə Almaniya, Rusiya, Hollandiya, Albaniya, Polşa, Moldova, Qazaxıstan, Tacikistan, İspaniya, İsveç və s. ölkələrin sığorta-pensiya fondlarının rəhbər şəxsləri iştirak edəcəklər. Bundan başqa, seminara Qeyri-Dövlət Pensiya Fondları Milli Assosiasiyasının, Beynəlxalq Əmək Təşkilatının və bir sıra nüfuzlu qurumların nümayəndələri qatılacaqlar.
İki gün davam edəcək beynəlxalq seminarda bütün dünyada sosial təminatın əhatə dairəsinin genişləndirilməsi və əmək miqrantlarının müdafiəsi sahəsində BSTA strategiyası təqdim olunacaq, əmək miqrantları üzrə dövlət siyasəti və strateji yanaşmalar, Avrasiyada miqrantların sosial müdafiəsi, əmək miqrantlarının qorunması üçün beynəlxalq modellər, Avropa Birliyi və son dəyişikliklər çərçivəsində əmək miqrantları və onların hüquqlarının qorunması ilə bağlı AB-nin siyasəti və başqa bu kimi mövzularda çıxışlar ediləcək, qaldırılan məsələlər ətrafında müzakirələr aparılacaq. Seminarda ötən 5 il ərzində Azərbaycanda əmək miqrantlarına münasibətdə hansı xüsusi tədbirlərin həyata keçirildiyi barədə də ətraflı məlumat veriləcək.
Seminar çərçivəsində DSMF-nin binasında BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək. Qeyd olunmalıdır ki, Azərbaycanda belə bir mərkəzin yaradılması barədə razılıq BSTA-nın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin İsveçrə Konfederasiyasının Cenevrə şəhərində bu ilin mart ayında keçirilən iclasında əldə edilib. BSTA-nın Baş Katibi cənab Hans-Horst Konkolevski Avrasiya regionunun BSTA üçün önəmini vurğulayıb və Avrasiya regionu üzrə ölkələrin müvafiq qurumlarının əlaqələndirilməsi funksiyalarının Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçiriləcəyini yüksək qiymətləndirdiyini bildirib.
Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, 2004-cü ildə ölkəmiz Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü, 2007-ci ildə isə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmişdir. Azərbaycan Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.