...

Bu gün Azərbaycanda I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Cəmiyyət Materials 10 İyul 2011 11:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2011-2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.
Bu gün Azərbaycanda I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2011-2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

Komissiyadan Trend-ə verilən məlumata görə, I qrup üzrə 33 587 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 30 965-i Azərbaycan, 2622-si isə rus bölməsinin məzunudur. Abituriyentlərin 19 825 nəfərini oğlanlar, 13 762 nəfərini qızlar təşkil edir.

Sənəd verənlərin 18 257 nəfəri builki, 13 974 nəfər əvvəlki illərin məzunlarıdır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 128 abituriyent xarici ölkələrin vətəndaşlarıdır. 127 abituriyent isə ali təhsillidir və I ixtisas qrupu üzrə II ali təhsil almaq arzusundadır. 1229 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Bakı şəhərində 24 152, Naxçıvanda 1327, Gəncədə 3891, Sumqayıtda 4217 abituriyent imtahan verir.

İmtahan 3 saat davam edəcək. İmtahanın nəticələri qısa zamanda açıqlanacaq.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq.

Tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə bilərlər.

Azərbaycanda ali və orta ixtisas məktəblərinə artıq ilk imtahan III ixtisas qrupu üzrə iyulun 3-də keçirilib. Növbəti qəbul imtahanı 4-cü qrup üzrə iyulun 16-da, 2-ci qrup üzrə isə iyulun 22-də keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran və Şəkidə təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti