Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Bu ilin birinci yarısında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "qaynar xətt"inə şikayətlərin əksəriyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarından olub. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında idarənin rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, "qaynar xətt"ə 2011-ci ilin 6 ayı ərzində daxil olan şikayətlərin 484-ü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturları, 270-i daxili işlər orqanları, o cümlədən dövlət yol polisi, 198-i yerli icra hakimiyyəti orqanları, 128 - bələdiyyələr, 112 - səhiyyə sahəsi, 99 - təhsil sahəsi, 53 - elektrik enerjisi, 51 - torpaq və xəritəçəkmə sahəsi, 48 - gömrük orqanları, 44 - əmlak məsələləri, 38-i özəl sektorla bağlı olub.
Əliyev qeyd edib ki, məhkəməyə göndərilən 56 cinayət işindən 5-i elektrik enerjisinin istifadəsi, 3-ü təhsil, 4 - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 2 - Kənd Təsərrüfatı Nazirliyi, 1 - Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 11 - banklar, 2 - rabitə, 8-i bələdiyyələrlə, 5-i özəl qurumlarla bağlı olub.