...

Azərbaycanın peşə məktəblərində üçillik təhsil qrupları azaldılacaq

Cəmiyyət Materials 21 İyul 2011 10:40 (UTC +04:00)
2011-ci il üçün Azərbaycanın ayrı-ayrı ilk peşə-ixtisas təhsili müəssisələri üzrə şagird qəbulu planı ümumilikdə 16895 nəfər olacaq.
Azərbaycanın peşə məktəblərində üçillik təhsil qrupları azaldılacaq

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İ.İsabalayeva/

2011-ci il üçün Azərbaycanın ayrı-ayrı ilk peşə-ixtisas təhsili müəssisələri üzrə şagird qəbulu planı ümumilikdə 16895 nəfər olacaq. Trend-in məlumatına görə, təhsil naziri Misir Mərdanovun bununla bağlı imzaladığı əmrdə qeyd olunub ki, dövlət vəsaiti hesabına 14190 nəfər, ödənişli əsaslarla 2705 nəfər təhsil alacaq.

Qəbul planı hazırlanarkən Azərbaycanda bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq, dövlət və qeyri-dövlət müəssisələrinin ixtisaslı fəhlə kadrların hazırlanması ilə bağlı sifarişləri, həmçinin Nazirlər Kabinetinin 27 iyun 2002-ci il tarixli 679 nömrəli qərarı ilə təsdiq olunmuş "Peşə təhsili sahəsində ixtisas və ixtisaslaşma klassifikatoru"na uyğun olaraq ilk peşə-ixtisas təhsili müəssisələrinin müvafiq peşələr üzrə kadrlara olan tələbatı nəzərə alınıb.

Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (24, 126, 131, 144, 72 nömrəli texniki peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra baxılacaq.

Ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu zaman bır sıra meyarlar əsas götürüləcək.

Əmrdə göstərilib ki, ümumtəhsil fənlərindən buraxılış imtahanlarında müvəffəqiyyət səviyyəsi 50%-dən aşağı olan ilk peşə-ixtisas təhsili müəssisələrində ümumi orta təhsil bazası üzrə 3 illik təhsil qruplarının azaldılması, məzunların məşğulluq səviyyəsi 60%-dən yuxarı olmayan ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planının artırılmaması təmin edilməlidir. Peşələr üzrə şagird qəbulu planında dəyişiklik edilməsi zərurəti yarandıqda, bu məsələ təsdiq edilmiş ümumi qəbul planı daxilində həll edilməlidir.

Aidiyyəti ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə şagird qəbulu planının sentyabr ayının 15-ə qədər yerinə yetirilməsini təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti