...

Penitensiar Xidmətin rəisi bu il ədliyyə orqanlarından xaric edilən əməkdaşların sayını açıqlayıb

Cəmiyyət Materials 29 İyul 2011 19:03 (UTC +04:00)
Bu ilin ilk altı ayı ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 əməkdaşı ədliyyə orqanlarından xaric edilib, 112 əməkdaş isə müxtəlif intizam məsuliyyətinə cəlb olunub.
Penitensiar Xidmətin rəisi bu il ədliyyə orqanlarından xaric edilən əməkdaşların sayını açıqlayıb

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin ilk altı ayı ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 əməkdaşı ədliyyə orqanlarından xaric edilib, 112 əməkdaş isə müxtəlif intizam məsuliyyətinə cəlb olunub. Bunu ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev PX-nin 2011-ci ilin birinci yarısındakı fəaliyyətinin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib. Bu barədə Trend-ə Penitensiar Xidmətdən məlumat verilib. Kollegiya iclasında PX rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin və Cəzaların İcrasına Nəzarət üzrə Müfəttişliyin rəisləri, Təşkilat-Nəzarət İdarəsinin məsul əməkdaşları iştirak ediblər.

Onun sözlərinə görə, ədliyyə nazirinin və PX rəisinin müvafiq əmrləri ilə 2, 5, 6, 7 və 10 saylı cəzaçəkmə müəssisələrinin, Tərbiyə müəssisəsinin, həbsxananın, 3 saylı İstintaq Təcridxanasının, 8, 9 və 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin, 2, 4 və 6 saylı xüsusi müəssisələrin və Avtomobil təsərrüfatının rəisləri tutduqları vəzifədən azad olunublar, onların bir hissəsi ədliyyə orqanlarından xarıc ediliblər.

Quliyevin bildirdiyinə görə, Penitensiar Xidmətin rəhbərliyi tərəfindən şəffaflığin artırılmasına xüsusi fikir verilib, vəzifədən sui-istifadə, korrupsiya halları ilə bağlı daxil olan ərizə və şikayətlər nəzarətə götürülərək hərtərəfli araşdırılıb. "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar tədbirlər davam etdirilib, ölkə rəhbərinin 26 may 2011-ci il tarixli nəvbəti əfv sərəncamı vaxtında və dürüst icra olunub.

PX rəisi vurğulayıb ki, 2011-ci ilin birinci yarımili ərzində Penitensiar Xidmət və tabe qurumları tərəfindən qarşıda duran vəzifələr əsasən yerinə yetirilib, müəyyən müsbət nəticələr əldə olunub. Bununla yanaşı, fəaliyyətdə mövcud olan nöqsan və pozuntuların aradan qaldırılması, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Onun sözlərinə görə, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müəyyən nəticələr əldə edilib, habelə mövcud nöqsanların aradan qaldırılması üzrə tədbirlər davam etdirilib.

Xəbər lenti

Xəbər lenti