...

Azərbaycan Turizm İnstitutunun rektoru diplom qalmaqalına aydınlıq gətirdi

Cəmiyyət Materials 4 Avqust 2011 17:00 (UTC +04:00)
Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru Cəfər Cəfərov rəhbərlik etdiyi təhsil müəssisəsi barədə bir qrup tələbənin söylədiyi ittihamlara cavab verib.
Azərbaycan Turizm İnstitutunun rektoru diplom qalmaqalına aydınlıq gətirdi

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru Cəfər Cəfərov rəhbərlik etdiyi təhsil müəssisəsi barədə bir qrup tələbənin söylədiyi ittihamlara cavab verib.

ATİ-nin tələbələrindən ibarət olan "ATİeconomy" qapalı sosial şəbəkə qrupunun 300 nəfərdən çox üzvü bu şəbəkədə apardığı müzakirələr zamanı bildiriblər ki, institutun tələbələrindən təqribən 40 faizi təhsilini bitirərkən diplom ala bilməyib. ATİ-də tədris prosesinin qeyri-kafi təşkili nəticəsində 2010-cu il buraxılışında 150 tələbədən 70 tələbə, bu il isə 60-dan çox tələbə diplom ala bilməyib. Onların sözlərinə görə, tələbə 4 il ərzində təhsil almaq üçün pul ödəyir, lakin tələb olunan səviyyədə bilik verilmir.

Cəfərov isə cümə axşamı Trend-ə bildirib ki, dərs ili başlayan kimi ATİ-nin Elmi Şurasında və tələbələr arasında məsələnin müzakirəsi keçiriləcək.

Rektor hesab edir ki, əslində şəbəkədə 300 tələbə müzakirə aparmayıb. Şəkəbədə yalnız 5-6 tələbə müxtəlif linklər adı altında fikirlər yazıblar.

Bu fikirləri qarayaxma adlandıran Cəfərov məsələ ilə bağlı müzakirənin belə formada keçirilməsinə təəssüflənib. Onun fikrincə, nöqsanları həll etməkdən ötrü müzakirələr xoş niyyətlə aparılmalıdır.

"Çox böyük təcrübəsi olan ali məktəblərlə yanaşı duran ATİ-dən belə gənc yaşında təhsilin 100 faizli keyfiyyəti istənilir. Bunu biz də istəyir və əlimizdən gələni edirik. Amma nə edək ki, keyfiyyətli kadr tapmaq böyük problemdir. Bizim çox keyfiyyətli dərs deyən müəllimlərimiz də var. Zəif olan müəllimlərin də üzərində işləyirik. Amma belə şəraitdə kiminsə ATİ-nin verdiyi təhsilin keyfiyyətindən pis mənada danışması qərəzlilik əlamətidir. Əslində, bu, məni çox üzür. Məni o da çox təəssüfləndirir ki, bunların çoxu tələbə beyninin məhsulu deyil", - rektor deyib.

ATİ narazılıqların nədən qaynaqladığını da açıqlayıb.

Onun sözlərinə görə, ötən il ATİ-nin ilk buraxılışında 123 nəfər məktəbi bitirməli olsa da, onun yalnız 74 nəfəri diplom ala bildi.

"İnstitutun kollektivinə qalan məzunlara da diplom almağa şans verilməsi üçün hədsiz təzyiqlər oldu. Bu çətinliklərə dözərək biz layiq olmayan tələbələrə diplom vermədik. Demirəm ki, bu, fəxr olunmalı məsələdir. Amma hər halda, siz Azərbaycan şəraitində hər bir şəxsin arxasında nə qədər adamın dayandığını bilirsiniz. Rəhbərliyimiz də bizi dəstəkləyərək dedi ki, təhsildə güzəştə getmək düzgün deyil, savadsız kadrlar cəmiyyətdə kifayət qədər var, ona görə də biz onların sayının artırılması prosesində iştirak etmək istəmirik", - Cəfərov bildirib.

O qeyd edib ki, əslində bu fakt - dövlət ali məktəbi sayılan ATİ-də bu qədər tələbənin məzun ola bilməməsi cəmiyyətə ciddi bir siqnal olmalı idi. Amma bu, təhsil ictimaiyyətində sükutla qarşılandı.

"Adətən, bizdə necə olur? Məktəbə 100 nəfər daxil olur, amma 150 nəfər bitirir. ATİ-də isə məzunların buraxılışı ötən il də, bu il də tələbkarlıq şəraitində keçdi. Bu il məzunların 30 faizi bu prosesdən keçə bilmədi", - rektor əlavə edib.

Cəfərovun sözlərinə görə, ATİ həqiqətən də təhsilin təşkilində bütün işləri görə bilməyib. Məktəbin maddi-texniki bazası istənilən səviyyədə deyil, çoxlu sayda görülməli işlər var. Amma bu problemlərin arasında hazırda ATİ üçün ən vacib olanı tədrisin keyfiyyətinin artırılmasıdır. Amma tələbələrin hamısının da bilik səviyyəsi lazımi səviyyədə deyil.

"Tələbələr ötən il 2 dövlət imtahanı verirdilər, bu il tələbələrin işini asanlaşdırmaq üçün 1 dövlət imtahanı keçirdik. Biz ötən il ATİ-yə daxil olan tələbələrin ingilis və ya digər dil bilmə səviyyəsini müəyyənləşdirmək üçün yoxlama aparmışdıq. Məlum oldu ki, Azərbaycan bölməsinə daxil olan tələbələrin 90 faizi rus dilini elementar səviyyədə belə bilmir. Amma Azərbaycan turizm sənayesi əhəmiyyətli dərəcədə rusdilli turistlərdən asılıdır. Rus dilini bilmədən bu bazarda heç nə etmək olmaz. Deməli, biz gələn "xammalın içərisindən" rus dilini bilənləri üzə çıxarmalıyıq", - rektor deyib.

Xəbər lenti

Xəbər lenti