...

Bakı buxtasında batmış gəmilərin böyük hissəsi dənizdən çıxarılıb - ARDNŞ

Cəmiyyət Materials 18 Avqust 2011 14:49 (UTC +04:00)
Bakı buxtasında batmış gəmilərin və dəmir tullantılarının böyük hissəsi yığılaraq dənizdən çıxarılıb.
Bakı buxtasında batmış gəmilərin böyük hissəsi dənizdən çıxarılıb - ARDNŞ

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir T.Hacıyev/

Bakı buxtasında batmış gəmilərin və dəmir tullantılarının böyük hissəsi yığılaraq dənizdən çıxarılıb. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin rəis müavini Vüqar Kərimov məlumat verib.

Onun sözlərinə görə, hazırda həmin layihənin ikinci - dəniz suyunun təmizlənməsi - mərhələsi başlayıb.

"Neft Şirkətinin dənizdə "Bulvar-1" adlı gəmisi işləyir. Həmin gəmi xüsusi texnologiyalarla dəniz səthindəki neft və məişət çirkləndiricilərini toplayır", - Kərimov əlavə edib.

O, Abşeron yarımadası ərazisində neft tullantıları ilə çirklənmiş torpaqların təmizlənməsi prosesindən də danışıb.

"Bizim öhdəmizə düşən vəzifələr çirklənmə olan ərazilərin müəyyənləşdirilməsi, həmin ərazilərdə çirklənmə və hopma dərəcələrinin müəyyənləşdirilməsi və çirklənmənin aradan qaldırılması üçün müvafiq texnologiyaların tövsiyə olunmasıdır. Neftlə çirklənmiş ərazilər təmizləndikdən sonra, həmin ərazidə yaşıllıqların salınması və salınmış yaşıllıqlara müvafiq xidmət göstərilməsi işləri həyata keçirilir", - Kərimov deyib.

ARDNŞ rəsmisi qeyd edib ki, 2006-2010-cu ildə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair proqram təsdiq olunmuşdu. Həmin proqram çərçivəsində 400 hektar ərazi neftlə çirklənmədən təmizlənib və həmin ərazidə yaşıllıq zolaqları salınıb.

"Bakı ətrafı kəndlərin 2009-2013-cü illər üzrə inkişaf planı təsdiqlənib. Bu il həmin plan çərçivəsində onlarla hektar ərazinin çirklənmədən təmizlənməsi gözlənilir. Hazırda həmin işlər intensiv davam etdirilir. Bunlar Qala gölü, Zabrat gölü ətrafındakı ərazi, Əzizbəyov metrosunun yanında Şor gölün ətrafında stadion tikilməsi üçün nəzərdə tutulan yer və Suraxanı ərazisidir", - Kərimov bildirib.

Onun sözlərinə görə, bu il təmizlənmiş ərazilərin sahəsi keçən illə müqayisədə bir neçə dəfə yüksək olacaq. Bu il rekultivasiya işləri sürətləndirilib.

Kərimov çirklənmə ərazilərindəki radiasiya problemlərinə də toxunub.

"Əgər çirklənmiş ərazilərdə hər hansı radiasiya problemi varsa, həmin ərazidə olan neft tullantıları bioreabilitasiya üsulu ilə təmizlənmir, həmin tullantılar daşınaraq ARDNŞ-nin Ekologiya İdarəsinin şlam bastırma məntəqəsində bastırılır və izolyasiya olunur. Çirklənmə dərəcəsindən asılı olaraq hansı texnologiyanın tətbiq olunması müəyyənləşdirilir", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti