Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yaşayış məntəqələrində səs siqnallarından yersiz istifadə etməməyə çağırır.
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, səs siqnallarından yersiz istifadə olunması vətəndaşların narahatlığına səbəb olur.
Əliyev qeyd edib ki, "Yol hərəkəti haqqında" qanun yaşayış məntəqələrində səs siqnallarından istifadə olunmasının yalnız 2 halını müəyyən edir.
"Sürücü iki halda səs siqnallarından istifadə edə bilər: yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda və yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün. Bu hallardan başqa səs siqnallarından istifadə olunması inzibati məsuliyyət yaradır", - şöbə rəisi deyib.
Onun sözlərinə görə, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 151.1-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddəsinin təsiri altına düşür və 15 manatdan 20 manatadək cərimə nəzərdə tutur.