Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərin hansı formada akkreditasiyadan keçiriləcəyini açıqlayıb.
Nazirliyin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev çərşənbə günü Trend-ə bildirib ki, orta məktəblərin akkreditasiyadan keçirilməsi üçün "Ümumitəhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar"ın və "Ümumitəhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğunu müəyyənləşdirən meyarlar"ın layihəsi hazırlanıb.
Onun sözlərinə görə, "Ümumitəhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar" özündə 9 istiqaməti birləşdirir.
Həmin istiqamətlər müəssisənin fəaliyyətinin təşkilati-hüquqi təminatı, idarə olunması, təhsil proqramlarının yerinə yetirilməsi, müəssisədə təlim-tərbiyə işinin təşkili, kadr təminatı, metodik xidmətin təşkili, beynəlxalq əlaqələr, maddi-texniki baza, tibbi və sosial məişət şəraiti ilə bağlı vəziyyətin öyrənilməsidir.
Müəssisə hər bir 9 istiqamət üzrə yoxlanıldıqdan sonra qiymətləndirmə aparılacaq və onların əsasında ümimi nəticə çıxarılacaq. Akkreditasiya zamanı məktəblərin məzun olacaq 9 və 11-ci sinif şagirdlərinin oxuduqları müddət ərzində keçdikləri fənlər üzrə yaddaş biliyi də yoxlanılacaq.
Əvvəlcə təhsil müsəsisəsi özü 6 fənn üzrə test sorğusu keçirəcək. Sonra isə nazirliyin təşkil etdiyi komissiya test yoxlaması aparacaq. Sonda 51 faizdən aşağı nəticə göstərən sinif akkreditasiyadan keçməmiş, 51 fazidən yuxarı nəticə göstərən sinif isə artıq akkreditasiya keçmiş hesab olunacaq.
"Ümumi təhsil müəssisənin fəaliyyətinin statusuna uyğunluğunu müəəyyləşdirən meyarlar"da 20 göstərici müəyyənləşdirib.
Zərbəliyevin sözlərinə görə, əgər məktəb tam orta məktəbdirsə, o, akkrediyadan keçmədikdə onun statusu 1 pillə aşağı salına, yəni ümumi orta məktəb (9 illik) edilə bilər.
Məktəblərin fəaliyyəti 100 balllıq sisitemlə qiymətləndiriləcək. Təhsil müəssisəsi 60-dan az bal topladıqda onun fəaliyyəti "qeyri-kafi", 61-80 bal topladıqda "kafi", 80-100 bal topladıqda "yaxşı" qiymətləndiriləcək.
Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə növbəti tədris ili üçün qəbul planlaşdırılmır. Akkreditasiyadan keçməyən təhsil müəssisəsi 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər.
Nazirlik rəsmisi deyib ki, bu meyarların hər ikisindən müsbət nəticə əldə edən akkreditasiyadan keçmiş hesab olunacaq. Akkreditasiyadan keçmiş təhsil müəssisəsi nazirlikdən növbəti 5 il üçün fəaliyyətinə icazə alacaq. Məktəblərə 5 il ərzində nazirliyin göstərdiyi nöqsanları qaldırmaq tövsiyə ediləcək. Məktəblər isə hər il nöqsanların aradan qaldırılması barədə nazirliyə hesabat verəcəklər.
Zərbəliyev bildirib ki, orta məktəblərin akkreditasiyasına oktyabrın sonundan başlamaq nəzərdə tutulub. İlkin olaraq, 11 ümumtəhsil müəssisəsi akkreditasiyadan keçiriləcək.