Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İsabalyeva/
Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) islahatlar aparılması nəzərdə tutulur. Bu məsələ ÜST-nin Avropa Regional Komitəsinin Bakıda keçirilən 61-ci sesiyasında da müzakirə edilir. Trend-in məlumatına görə, bunu Bakıda jurnalitlərə açıqlamasında ÜST-nin Avropa Regional Komitəsinin rəhbəri Zsuzsanna Jakob bildirib.
"Bu gün müzakirə olunan məsələlərdən biri də ÜST-də islahatların aparılmasıdır. Hazırda ÜST belə islahatların aparılması ərəfəsindədir, bununla bağlı işlər görülür", - Jakob deyib.
Komitə rəhbərinin sözlərinə görə, ÜST-nin İcraçı Şurası və Dünya Səhiyyə Assambleyası təklif edib ki, ÜST-nin bütün regional idarələri öz regionları çərçivəsində islahatlarla bağlı müzakirələr aparsınlar, nəticələr barədə isə ÜST-nin adıçəkilən iki qurumuna məruzə etsinlər. Buna uyğun olaraq, son qərarlar qəbul ediləcək.
O əlavə edib ki, bu islahatlar ÜST-nin fəaliyyətinin və dünyada bu təşkilat tərəfindən aparılan işlərin effektivliyinin artırılmasına xidmət edəcək.
Jakobun sözlərinə görə, ÜST səhiyyə sisteminin gücləndirilməsi üçün ictimai səhiyyə islahatlarına diqqət yetirir. Təşkilat bununla gələcəkdə sağlam həyat tərzinin təbliği və xəstəliklərin profilaktikasının daha da gücləndirilməsinə nail olmağa çalışır. Buna görə də ölkələr profilaktika məsələlərinin gücləndirilməsinə üstünlük verirlər.
Komitə rəhbəri sessiyada Azərbaycanın səsləndirdiyi təklifdən razı qaldığını da söyləyib.
"Azərbaycan tərəfinin qeyd etdiyi məsələlərdən biri də odur ki, istənilən ölkəyə gələn ekspertlərin biliyi, təcrübəsi olmalı, gəldikləri ölkəni tanımalı, onun xüsusiyyətlərini bilməlidir. Mən də bu təkliflə tam razıyam. Biz də fikirləşirik ki, ÜST-yə yeni işçilər gəldikdə onlar müvafiq təlim almalı və onların ölkələrlə tanışlığı olmalıdır", - Jakob qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatında islahatlar aparılması nəzərdə tutulur
Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) islahatlar aparılması nəzərdə tutulur. Bu məsələ ÜST-nin Avropa Regional Komitəsinin Bakıda keçirilən 61-ci sesiyasında da müzakirə edilir.