Azərbaycan, Bakı, 9 oktyabr / Trend müxbir M. Əliyev/
Azərbaycan hökuməti "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı Avropa Yayımlar Birliyinin (AYB) rəhbərliyinə təminat məktubunu təqdim edib.
"Eurovision" müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimov bazar günü Trend-ə bildirib ki, Məşvərət Qrupunun Cenevrədə keçirilən görüşündə AYB rəhbərliyinə Azərbaycanın Baş Naziri Artur Rəsizadənin rəsmi məktubu təqdim edilib.
Məktubda Azərbaycana gələcək bütün qonaqların təhlükəsizliyinin qorunması, viza rejiminin sadələşdirilməsində öhdəliyin təmin ediləcəyi vurğulanır.
Məktubda baş nazir "Eurovision 2012" mahnı müsabiqəsi zamanı mətbuat işçilərinin və azarkeşlərin Avropa İnsan Haqları Konvensiyasına uyğun ifadə və sərbəst toplaşma azadlıqları təmin ediləcəyinə təminat verir.
"Azərbaycanın hər bir vətəndaşı "Eurovision" müsabiqəsində bizim qazandığımız qələbədən fəxr edir və bu yarışmanı Bakıda keçirmək onlar üçün böyük şərəfdir. Azərbaycan "Eurovision" mahnı müsabiqəsinin təşkilinin böyük bir məsuliyyət olduğunu dərk edir və bunun üçün bütün zəruri addımları atmağa hazırdır", - məktubda deyilir.
Görüşdə Adil Kərimov, Bakının ev sahibliyi ilə bağlı yayımçı telekanalın müxtəlif sahələrdəki inkişafını təqdim edib. AYB Avropanın ən sevimli TV şousunun təşkilində işlərin düzgün qurulduğunu qeyd edib.
Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnı sı ilə "Eurovision 2011" müsabiqə sinin qalibi olub.
56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində "Eurovision 2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared"). Bununla da Azərbaycan "Eurovision 2012" müsabiqəsini keçirmək hüququnu qazanıb.