...

Budapeştdə "Azərbaycan xalçası" kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2011 16:07 (UTC +04:00)
Budapeşt Tətbiqi İncəsənət Muzeyində xalçaçı-alim Röya Tağıyevanın macar dilində nəşr olunmuş "Azərbaycan xalçası" kitabının təqdimat mərasimi keçirilib.
Budapeştdə "Azərbaycan xalçası" kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Budapeşt Tətbiqi İncəsənət Muzeyində xalçaçı-alim, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin direktoru Röya Tağıyevanın macar dilində nəşr olunmuş "Azərbaycan xalçası" kitabının təqdimat mərasimi keçirilib.

Səfirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Budapeşt Tətbiqi İncəsənət Muzeyinin direktoru İmrə Takaç muzeyin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, gələcək illərdə birgə layihələrin həyata keçirilməsi istiqamətində Azərbaycanın Macarıstandakı səfirliyi ilə danışıqların aparıldığını bildirib, "Azərbaycan xalçası" kitabının təqdimatının muzeydə təşkilinin bu baxımdan olduqca əhəmiyyətli hadisə olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və kitabın çap olunduğu "Korvina" nəşriyyatının direktoru Laslo Kunoş ikitərəfli mədəni əlaqələrin əhəmiyyətindən danışıblar.

Daha sonra professor Röya Tağıyeva tədbir iştirakçıları qarşısında çıxış edib, Azərbaycanda xalçanın məişətdə rolu, Azərbaycanın tanınmış xalçaçılıq məktəbləri, xalçaların hazırlanması texnologiyaları haqqında danışıb, Azərbaycan xalçalarının təsvirlərini əks etdirən slaydlar nümayiş etdirib.

Xəbər lenti

Xəbər lenti