...

Məleykə Abbaszadə: Təəssüf ki, ali məktəblərə daxil olanlarla bitirənlərin sayı arasında 15 faizədək fərq var (MÜSAHİBƏ)

Cəmiyyət Materials 21 Dekabr 2011 08:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin Trend-ə müsahibəsi
Məleykə Abbaszadə: Təəssüf ki, ali məktəblərə daxil olanlarla bitirənlərin sayı arasında 15 faizədək fərq var (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin Trend-ə müsahibəsi

- Bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən, YUNESKO-nun Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitutunun (TPBİ) dəstəyi ilə "Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində təhsildə korrupsiyaya qarşı mübarizə" adı altında keçirilən beynəlxalq konfransda iştirak etmisiniz. Tədbirdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti necə dəyərləndirildi?

- 2007-ci ildə TPBİ tərəfindən dərc olunmuş "Korrupsion universitetlər, korrupsion məktəblər: Nə etmək olar?" adlı hesabatda da Azərbaycanda TQDK-nın fəaliyyəti müsbət qiymətləndirilib. Qeyd olunan regionda təhsildə müxtəlif sahələrdə korrupsiyalar mövcuddur. Qəbul imtahanları da riski olan sahə hesab olunur. Bizim qəbul imtahanları sahəsində əldə etdiyimiz nəticə dünya səviyyəsində qəbul olunub.

Konfransda beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirdi. Biz həmin tədbirdə iştirak edən yeganə dövlət təşkilatı idik. Bizim təcrübəmiz ölkələr, xüsusilə post-sovet ölkələri üçün vacib və maraqlı idi. Çünki TQDK artıq 20 ilə yaxındır ki, test üsulu ilə qəbul aparan təşkilatdır.

- Nazirlər Kabineti bu yaxınlarda dövlət orqanları tərəfindən göstəriləcək "Elektron xidmətlərin siyahısı"nı təsdiqləyib. TQDK hansı yeni elektron xidmətlər göstərməyi nəzərdə tutur?

- TQDK əhaliyə kütləvi elektron xidmətlər göstərən ilk təşkilatlardandır. Biz elektron xidmətləri çoxdan tətbiq edirik. Ölkədə ilk elektron müraciət formasını TQDK tətbiq edib. Hər il 100-120 min abituriyent ali məktəbə qəbul imtahanlarında iştirak üçün elektron ərizə doldurur. Bu ərizələrin attestat qiymətlərinin təsdiqlənməsinə görə abituriyentlərimiz məcbur idi ki, ayrı-ayrı məntəqələrdə yaradılmış Sənəd Qəbulu komissiyalarına müraciət etsinlər. Çünki məzunların elektron bazası Təhsil Nazirliyi tərəfindən bizə vaxtında təqdim olunmurdu. Eyni zamanda, insanların imtahan nəticələri ilə əlaqədar hansısa iddiaları olanda, biz müraciət edənlərə elektron ərizələrini göstərəndə bu ərizə hansısa hüququ nöqteyi-nəzərdən sübut deyə sayılmırdı. Vətəndaş bilər ki, bu, onun elektron ərizəsi deyil. İndi elektron ərizədə hər bir vətəndaşın imzası olduqda o, hüquqi məsuliyyəti tam olaraq öz üzərinə götürəcək.

Biz elektron imzaları, ilk növbədə, gələcək magistrlər üçün tətbiq edəcəyik. Artıq onların elektron ərizələrini təsdiqləməsi üçün heç bir məntəqəyə getməsi lazım olmayacaq. Hər bir namizəd öz elektron imzası ilə elektron ərizəsini təsdiqləyəndə, o, hüquqi məsuliyyəti tam olaraq öz üzərinə götürəcək. Təbii ki, insanların bu sahədə elə də yaxşı vərdiş və bilikləri olmadığı üçün hansısa səhvlər ola bilər. Bununla əlaqədar TQDK-nın regional bölmələrində müəyyən məsləhət mərkəzləri yaradacağıq ki, namizədlər bu proseslərdə iştirak etsinlər. Nəzərdə tutmuşam ki, proses başlamamışdan əvvəl bu proqramları öyrənmək üçün test rejimində internetdə açıqlayaq. İnsanlar sonradan hər hansı səhvə yol verməmək üçün test rejimində bu proqramlara daxil olsunlar, işləsinlər, imzalarını qoysunlar.

- İlkin mərhələdə magistraturaya sənəd qəbulu zamanı elektron imzadan istifadə ediləcəyini bildirdiniz. Bu, nə vaxtdan mümkün olacaq?

- Magistraturaya sənəd qəbulu zamanı elektron imzadan istifadə edilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə müəyyən danışıqlar aparırıq. Çalışacağıq ki, builki sənəd qəbulu zamanı bütün namizədlər elektron imzadan istifadə etsinlər. Ancaq burada bir məsələ var ki, tətbiq olunması nəzərdə tutulan qaydalara görə əhali üçün 3 illik elektron imza əldə etmək 30 manata başa gələcək. Bilirsiniz ki, bakalavrlar və abituriyentlər imtahanda iştirak etmək üçün ərizə verirsə 2 manat rüsum ödəyir.

Ümumilikdə, bu yenilik vətəndaşların, eləcə də bizim işlərimizi bir qədər də rahatlaşdıracaq. İndiyədək bizim qurumdan təqdim olunan sənədlərin saxtalaşdırılmasının qarşısını almaq üçün "qoruyucu" kimi soyuq möhürdən istifadə edirdik. Artıq bu ehtiyac aradan götürüləcək. Elektron imza tətbiq edildikdən sonra hər bir vətəndaş öz elektron ərizəsi ilə bizdən hansısa bir məlumatı istəsə, ona həmin faylı, həmin sənədi elektron imzamızla göndərəcəyik və bu, hüquqi qüvvəsi olan sənəd hesab ediləcək. Bunun üçün vətəndaşın artıq TQDK-ya gəlməsinə, ərizə yazmasına ehtiyac olmayacaq. O, elektron faylı öz e-mail-i vasitəsilə alacaq, onu çap edib hər yerdə bir sənəd kimi istifadə edə biləcək. Artıq TQDK-nın bütün rəhbərliyi və şöbə müdirləri üçün elektron imzanın alınması ərəfəsindəyik.

- Gələcəkdə rezidenturaya qəbul üçün müsabiqə şərtlərinin müasirləşdirilməsi nəzərdə tutulur. Bu müasirləşdirmə hansı formada ola bilər?

- Rezidenturaya qəbul imtahanları ilə əlaqədar statistik məlumatları işləyib ekspertlərə təqdim etmişik. Ümidvaram ki, yaxın vaxtlarda ekspertlərin rəylərini də öyrənəcəyik. Təbii ki, rezidenturaya müsabiqə şərtlərinin müasirləşdirilməsi və bu tələblərin dünyada olan tələblərə uyğunlaşdırılması lazımdır. Biz gözləyirik ki, tədris prosesində də yeniliklər baş verəcək, insanların tədris prosesinə bilik qazanmaq motivasiyası artacaq. Onda bizim yeni kriteriyaları tətbiq etmək imkanlarımız da genişlənəcək. Ümumiyyətlə, rezidenturaya qəbul imtahanları ilə əlaqədar müasirləşdirmə sualların məzmunu, proqramın tərkibinin müasirləşdilməsi istiqamətində aparılmalıdır.

- Ali məktəbə daxil olanlar və bitirənlər arasında fərqlərin olduğu daim bildirilib. Bununla bağlı aparılan son araşdırmaların nəticələri necədir?

- Biz artıq bununla bağlı ənənəvi formada yoxlama aparmırıq. Respublika Prezidentinin müvafiq fərmanına əsasən, bütün ali məktəblər "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nə qoşulurlar. Oktyabrda biz bütün ali məktəblərin müvafiq işçiləri üçün treninqlər keçirdik. Həmin ali məktəblərdə bu sistemlə bağlı iş yerləri yaradılıb. Bu treninqlərdə iştirak edən insanlar həmin ali məktəblərdə olan bütün tələbə köçürmələri, xaric olunmaları, tələbənin fakültədə qalmağı, tələbə kontigentinin dəyişməsi ilə əlaqədar əmrləri sistemə daxil etməlidirlər. Prezidentin fərmanına görə, prosesdə ali məktəbin özünün iştirak etməsi vacibdir. Məktəb özü də bu sistemin nəticələrindən faydalana bilər. Köçürmə zamanı bizə ali məktəblər tərəfindən çoxlu sorğular daxil olurdu. Artıq ali məktəblər bu sualları bizə ünvanlamalı olmayacaqlar. İndi bu sorğuları ali məktəblər özləri elektron formada yoxlaya biləcəklər. Təəssüflər olsun ki, sistemə məlumatların daxil olması biz nəzərdə tutduğumuz sürətlə getmir. Ümid edirəm ki, ilin sonunadək bütün məlumatlar daxil olacaq.

- Bütün məlumatlar sistemə tam daxil olmasa da, yəqin ki, ali məktəblərə köçürmələrlə bağlı müəyyən fikir söyləyə bilərsiniz. Ali məktəblərdən tələbə köçürmələri davam edirmi?

- Təəssüf ki, ali məktəblərə köçürmələr var. Ali məktəblərə daxil olanlarla bitirənlər arasında ümumi şəkildə götürsək, 10-15 faizə qədər fərq var. Amma elə ali məktəblər var ki, bu faiz sıfırdır. Elə məktəblər var ki, bu göstərici 30 faizə çatıb. Köçürmələrin daha çox hansı ali məktəblərə edildiyini hələ açıqlaya bilmərəm. Çünki hələ ali məktəblərlə bağlı məlumatlar işlənilir. Bu işi tamamladıqdan sonra bu suallara tam cavab verə biləcəyəm.

- Daha çox köçürmələr hansı məktəblərdən edilir?

- Daha çox köçürmələr Gürcüstan və Rusiya ali məktəblərindən edilir. Bu ilin əvvəlində Gürcüstanın təhsil naziri ilə görüşmüşdüm. O bildirmişdi ki, belə hallara yol verilməyəcək. Belə köçürmələr aşkar olunsa, biz onlara sorğu göndərə bilərik. Onlar isə bizə bu köçürmələrin nə dərəcədə qanuni olduğunu deyəcəklər. Amma Azərbaycanın ali məktəblərinə köçürmələr, əsasən, Rusiyanın müəyyən regionlarından, xüsusən, Dağıstandan edilir. Nədənsə belə çıxır ki, birdən-birə 200-300 azərbaycanlı qatara minir, Dağıstana gedib ali məktəbə qəbul olunur, II kursda isə hamısı qatara minib yenidən Azərbaycana gələrək burada oxuyur. Təbii ki, onların demək olar ki, hamısı bizim imtahanlarda iştirak edib aşağı nəticə göstərənlərdir. Son vaxtlar Ukraynadan da köçürmələr artıb.

- Mövcud qanunvericlik tələbə köçürmələrinin istisna hallarda olmasına icazə verir. Bəs, bu halda, köçürmələr niyə artır?

- Köçürmələrlə əlaqədar hələ 1993-cü ilin əvvəlində normativ sənədlər işlənib hazırlanmışdı. Hələ də sovet dövründən qalan müəyyən normativ sənədlərə əsaslanan köçürmələr aparılır. Təbii ki, "Tələbə-məzun" sistemi bu ilin sonunadək tam şəkildə fəaliyyət göstərəcək. Ali məktəblər hər bir köçürmə aparılanda bu sistemə daxil olaraq bu barədə məlumat verməlidirlər. "Tələbə-məzun" sisteminə yalnız ali məktəblər deyil, müxtəlif təşkilatlar, o cümlədən hüquq-mühafizə orqanları da daxil ola biləcək. Beləliklə, bu məsələlərlə məşğul olan şəxslər də artıq biləcəklər ki, "Tələbə-məzun" sistemi ildə iki dəfə köçürmələrlə bağlı statistik məlumatları açıq şəkildə verəcək. Ümid edirik ki, belə məlumatların açıq şəkildə verilməsi köçürmələrin sayına təsir göstərəcək.

- Məlumdur ki, ali məktəbə daxil olmaq istəyən gənclər yalnız imtahan verəcəkləri fənlər üzrə hazırlaşır, digər fənlərə isə laqeyd yanaşırlar. Gələcəkdə müxtəlif fənlər üzrə bilikləri və daha yüksək intellekt sahibi olan kadrların hazırlanmasına yardım etmək üçün abituriyentlərə imtahan fənləri qrupuna daxil olmayan, digər fənləri özündə birləşdirən ümumiləşdirilmiş suallar vermək olarmı?

- Bütün problemləri bir imtahan vasitəsilə həll etmək mümkün deyil. Şagirdlər hansısa fənlər üzrə hazırlaşmırlarsa, demək, məktəbdə tədris düzgün qurulmayıb. Uşaqlarda bilik toplamağı tərbiyə etmək, tədris prosesində uşaqlarla yeni metodlarla işləmək lazımdır. Məktəbdə bu lazımdır. Gəlin, bütün tədrisin problemlərini həll etmək üçün qəbul imtahanlarından istifadə etməyək. Hər kəs öz işini vicdanla həyata keçirsə, hesab edirəm ki, aradakı problemlər də götürülər.

Xəbər lenti

Xəbər lenti