Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Ötən il Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu 2010-cu ilə nisbətən 5,8 faiz artıb.
Dövlət Statistika Komitəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bitkiçilik məhsulları 8 faiz, heyvandarlıq məhsulları isə 3,5 faiz artıb. Cari qiymətlərlə 4525,2 milyon manatlıq məhsul istehsal olunub.
2011-ci ildə ilkin mədaxil çəkisində 2458,5 min ton taxıl, 938,5 min ton kartof, 1214,8 min ton tərəvəz, 65,3 min ton pambıq, 765,8 min ton meyvə və giləmeyvə, 478,0 min ton bostan məhsulları, 137,0 min ton üzüm, 254,7 min ton şəkər çuğunduru, 3,6 min ton tütün, 534,1 ton yaşıl çay yarpağı toplanıb, kəsilmiş çəkidə 264,7 min ton ət, 1622,3 min ton süd, 1008,1 milyon ədəd yumurta və 16,2 min ton yun istehsal edilib. Kartof, çay, şəkər çuğunduru və yumurta istisna olmaqla qalan bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı keçən illə müqayisədə artıb.
2011-ci ilin sonuna 2670,5 min baş iribuynuzlu mal-qara, o cümlədən 1282,6 min baş inək və camış, 8510,1 min baş qoyun və keçi mövcud olub.