...

Mətbuat Şurası və "Akkord" Qarabağ və Xocalı soyqırımı mövzusunda müsabiqə elan edib

Cəmiyyət Materials 19 Yanvar 2012 18:38 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası ilə birlikdə Qarabağ mövzusu və Xocalı soyqırımı ilə bağlı yazı və publisistik məqalələrin müsabiqəsini elan edib.
Mətbuat Şurası və "Akkord" Qarabağ və Xocalı soyqırımı mövzusunda müsabiqə elan edib

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Azərbaycan Mətbuat Şurası "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası ilə birlikdə Qarabağ mövzusu və Xocalı soyqırımı ilə bağlı yazı və publisistik məqalələrin müsabiqəsini elan edib. Müsabiqə yanvarın 20-dən fevralın 20-dək aparılacaq.

Şuradan cümə axşamı Trend-ə verilən məlumata görə, müsabiqəyə 2011-ci ilin son iki ayında və 2012-ci ilin əvvəlində sənəd qəbulunun başa çatdığı günədək qəzet, jurnal, informasiya agentliklərində, xəbər portallarında dərc olunmuş nümunələr verilə bilər. Materiallar üçün həcm və dil məhdudiyyəti nəzərdə tutulmur. Məqalələr iş günləri saat 10:00-dan 17:00-dək müsabiqə üzrə Azərbaycan Mətbuat Şurasında fəaliyyət göstərəcək işçi qrupuna təqdim olunmalıdır.

Hər bir iştirakçı elektron və çap variantında olmaqla 1 material təqdim edə bilər. İştirakçılar materialların KİV-də və ya internet portalda getdiyini təsdiqləmək üçün müvafiq KİV-in sayını, həmçinin elektron linki də əlavə etməlidirlər.

Müsabiqənin mükafat fondu belədir: I yer - 1 nəfər - 1000 manat, II yer - 2 nəfər - 800 manat, III yer - 3 nəfər - 500 manat, Həvəsləndirici mükafat - 10 nəfər - 200 manat.

Müsabiqə qaliblərinə mükafatlar hər iki qurumun Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində birgə təşkilatçılığı ilə keçirəcəkləri mərasimdə təqdim olunacaq.

Müsabiqə "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyasının maliyyə dəstəyi ilə reallaşan "Qarabağ mövzusu və Xocalı soyqırımının mediada təbliğinə dəstək" layihəsi çərçivəsində keçirilir. Hər iki qurumun birgə layihəsində məqsəd medianın Qarabağ həqiqətlərinin və Xocalı soyqırımının təbliğindəki rolunu artırmaqdan, KİV-lərin mövzunun təqdimatındakı fəaliyyətini stimullaşdırmaqdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti