...

Trend Beynəlxalq İnformasiya Agentliyi türk dünyasının inkişafına töhfəyə görə TÜRKSOY-un mükafatına layiq görülüb (FOTO)

Cəmiyyət Materials 26 Yanvar 2012 22:41 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyi təşkilatın inkişafına və türk mədəniyyətinin dünyada geniş yayılmasına verdiyi töhfəyə görə TÜRKSOY təşkilatının xüsusi media mükafatına layiq görülüb.
Trend Beynəlxalq İnformasiya Agentliyi türk dünyasının inkişafına töhfəyə görə TÜRKSOY-un mükafatına layiq görülüb (FOTO)

Türkiyə, Ankara, 26 yanvar /Trend müxbir E.Hüseynov/

Trend Beynəlxalq İnformasiya Agentliyi təşkilatın inkişafına və türk mədəniyyətinin dünyada geniş yayılmasına verdiyi töhfəyə görə TÜRKSOY təşkilatının xüsusi media mükafatına layiq görülüb. Trend-in məlumatına görə, mükafatlandırma mərasimi cümə axşamı Ankarada TÜRKSOY-un qərargahında olub.

"TÜRKSOY mətbuat üzrə fəxri mükafat"ı Trend-in baş direktorunun müavini Elçin Hüseynova Türkiyənin mədəniyyət və turizm naziri Ertoğrul Günay təqdim edib.

Həmçinin Azərbaycandan "Türkistan" qəzetinin baş redaktoru Aqil Camal da mükafata layiq görülüb.

Azərbaycanla yanaşı, TÜRKSOY-un mükafatları Qazaxıstan, Qırğızıstan, Türkiyə, Başqırdıstan, Tatarıstan, Xakasiya və Şimali Kipr Türk Cümhuriyyətindən olan jurnalistlərə verilib. Mükafatı alanlar arasında "Altın Körpü" jurnalının baş redaktoru Ramiz Məşədihəsənli da var.

TÜRKSOY türkdilli ölkələrin mədəniyyət nazirləri tərəfindən yaradılıb. TÜRKSOY-un yaradılması haqqında ilkin fikirlər hələ 1992-ci ildə irəli sürülüb. Bu təşkilatın yaradılması ilə bağlı Bakı və İstanbul şəhərlərində bir sıra görüşlər keçirilib. Nəhayət, 12 iyul 1993-cü ildə Almatıda TÜRKSOY-un yaradılmasi haqqında türkdilli ölkələrin mədəniyyət nazirləri tərəfindən protokol imzalanıb.

TÜRKSOY-un əsas üzvləri Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistandır. Qalan 8 üzvlər isə əsasən müşahidəçi qismində iştirak edirlər.

TÜRKSOY təşkilatının ev sahibi ölkəsi Türkiyə Cümhuriyyətidir. Rəsmi dili türk dili, idarə mərkəzi Ankarada yerləşir.

Xəbər lenti

Xəbər lenti