Azərbaycan, Bakı, 8 fevral / Trend müxbir E.İsmayılov/
Bakıda hava şəraitinin kəskin soyuması və güclü küləklər nəticəsində şəhərin elektrik təchizatında heç bir qəza baş verməyib. Bu barədə Trend-ə çərşənbə günü "Bakıelektrikşəbəkə" SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
"Şəbəkə gücləndirilmiş iş rejimində işləyir. Suyun donması ilə əlaqədar "Azərenerji" SC-nin Şimal DRES və Sumqayıt elektrik stansiyasının fəaliyyəti dayandığından "Azərenerji" "Bakıelektrikşəbəkə"yə enerjinin verilməsini təxminən 25 faiz azaldıb", - Mustafayev deyib.
Onun sözlərinə görə, tətbiq edilmiş məhdudiyyətlə əlaqədar Bakının Xətai, Nizami, Suraxanı, Sabunçu və Xəzər rayonlarının bir sıra istehlakçılarına elektrik enerjisinin verilməsində fasilələr yaranıb. "Fasilələrin aradan qaldırılması üçün "Azərenerji" SC bütün tədbirləri görür. Elektrik stansiyaları işə düşən kimi istehlakçıların enerjisi daimi təmin ediləcək", - o bildirib.