...

Şaxtalı havalar Quba kütləvi məzarlığı üçün yenidən təhlükəli vəziyyət yaradıb

Cəmiyyət Materials 9 Fevral 2012 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 fevral / Trend müxbir İ.İsabalayeva/

Son günlər müşahidə edilən qarlı və şaxtalı hava şəraiti ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Quba məzarlığındakı yeganə quyu üçün təhlükəli vəziyyət yaradıb. Bunu cümə axşamı Trend-ə Quba soyqırımı ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev bildirib.

Onun sözlərinə görə, əgər havalar birdən-birə istiləşsə, don vurmuş torpaqda sürüşmə yaranacaq. Nəticədə məzarlıqdakı sonuncu quyu tamamilə dağılacaq.

Ağayev deyib ki, yeni aşkarlanan vaxtda quyunun hündürlüyü 4 metr 20 santimetr, diametri isə 5 metr olub. Amma vaxtında müvafiq tədbirlər görülmədiyi üçün onun müəyyən hissələri dağılıb. Bunun nəticəsində də quyunun hündürlüyü 2 metr 25 santimetrə, diametri isə 4 metr 85 santimetrədək azalıb.

Ekspedisiya rəhbərinin sözlərinə görə, Arxeologiya və Etnoqrafiya İnstitutu və Quba rayon İcra Hakimiyyəti indiyədək quyunu bu vəziyyətdə saxlaya bilib, çürüməkdə olan sümüklərdə bu prosesin ləngiməsinin qarşısının almaq üçün çox primitiv şəkildə tədbirlər görülür.

"Çox təəssüf ki, havalar birdən-birə istiləşsə, 2007-ci ildəki vəziyyət təkrarlanacaq. Məzarlıqdakı sonuncu quyu da dağılacaq", - Ağayev qeyd edib.

Azərbaycan tarixi üçün çox əhəmiyyətli olan Quba məzarlığı 2007-ci il aprelin 1-də aşkarlanıb. Bu məzarlıq ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutudur.

514 kvadrat metr sahəsi olan məzarlığın 499 kvadrat metr ərazisində tədqiqatlar aparılıb. Həmin ərazidə 2 içi insan sümükləri ilə dolu olan 2 quyu və 2 arxa aşkarlanmışdı. Həmin quyuların biri baxımsızlıq üzündən 2007-2008-ci ildə dağılıb.

İndiyədək məzarlığın arxlarındakı sümüklərin 70 faizi - 7 minə yaxını çürüməmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən dərmanlanıb. Məzarlıqda quyudakı sümükləri götürmək mümkün olmadığından onların yerində dərmanlanması lazımdır, lakin bu iş indiyədək həyata keçirilməyib.

Xəbər lenti

Xəbər lenti