...

Azərbaycanda fevralın 18-dən havanın temperaturu yenidən enəcək, qar yağacaq

Cəmiyyət Materials 16 Fevral 2012 12:19 (UTC +04:00)
Fevralın 18-i axşamdan qərb rayonlarından başlayaraq, Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti müşahidə ediləcək, sulu qar və qar yağacaq.
Azərbaycanda fevralın 18-dən havanın temperaturu yenidən enəcək, qar yağacaq

Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir İ.İsabalayeva/

Fevralın 18-i axşamdan qərb rayonlarından başlayaraq, Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti müşahidə ediləcək, sulu qar və qar yağacaq.

Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, belə hava şəraiti fevralın 21-dək davam edəcək. Bu müddətdə ölkə ərazisində hava şəraiti yenidən yağıntılı olacaq. Bəzi yerlərdə yağıntının intensiv olacağı gözlənilir. Şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcək, temperatur ötən günlərə nisbətən 3-5 dərəcə enəcək.

Bakı və Abşeron yarımadasında fevralın 18-i axşamdan 21-dək şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərə nisbətən 3-5 dərəcə enəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Havanın temperaturu fevralın 17-də Bakıda gündüz saatlarında 4-6, fevralın 18-də 3-6, fevralın 19-da isə 0-3 dərəcə isti gözlənilir.

Fevralın 17-də gündüz Aran rayonlarında 3-7 dərəcə isti, dağlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, fevralın 18-19-da Aran rayonlarında gündüz 1-6 dərəcə isti, dağlarda 0-5 dərəcə şaxta gözlənilir.

Xəbər lenti

Xəbər lenti