Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan nümayəndə heyəti "Birinci Beynəlxalq Qara Dəniz Forumu və "ITB 2012" beynəlxalq turizm sərgisində iştirak edəcək.
Trend-in çərşənbə günü Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 1-də Krım Muxtar Respublikasının Yalta (Ukrayna) şəhərində KMR-in Kurortlar və Turizm Nazirliyi tərəfindən "Birinci Beynəlxalq Qara Dəniz Forumu", martın 7-11-də isə Almaniyanın Berlin şəhərində "ITB 2012" beynəlxalq turizm sərgisi keçiriləcək.
Tədbirdə Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi altında nümayəndə heyəti təmsil edəcək. Forumda Səmədov "Azərbaycanın turizm potensialı: Qara dəniz ölkələri arasında alternativ turizmin inkişafı" adlı məruzə ilə çıxış edəcək.
Səfər çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və KMR Kurortlar və Turizm Nazirliyi arasında əməkdaşlığın gücləndirilməsi, Azərbaycandan Krıma və əks istiqamətdə turist axınının artırılması, ikitərəfli yeni layihələr, Azərbaycanın yeni turizm imkanlarının aşkarlanması, Qara dəniz ölkələri arasında alternativ turizmin inkişafı və digər məsələlər müzakirə ediləcək.
2004-cü ildən başlayaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri hər il "ITB" beynəlxalq turizm sərgisində təmsil olunur. Cari ildə adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 104 m² sahədə lövhə qurulacaq.
Səfər çərçivəsində Azərbaycan ilə Almaniya Federativ Respublikası arasında mövcud əməkdaşlığın müzakirə olunması və gələcək əlaqələrin gücləndirilməsi məqsədilə Nazim Səmədov bir sıra ikitərəfli görüşlər keçirəcək. "ITB 2012" sərgisinin rəhbərliyi ilə keçiriləcək görüş zamanı ölkəmizin "ITB" beynəlxalq turizm sərgisində iştirakı və gələcək əməkdaşlıq imkanları müzakirə olunacaq.