...

Mətbuat Şurası bir sıra nəşrlərin "qara siyahı"sına salınması məsələsini müzakirəyə çıxaracaq

Cəmiyyət Materials 14 Mart 2012 14:53 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasının ötən iclasından keçən müddət ərzində qurumun müzakirəsinə peşə davranışı qaydalarını pozan təxminən 20-dən artıq nəşr barəsində materiallar təqdim olunub.
Mətbuat Şurası bir sıra nəşrlərin "qara siyahı"sına salınması məsələsini müzakirəyə çıxaracaq

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasının ötən iclasından keçən müddət ərzində qurumun müzakirəsinə peşə davranışı qaydalarını pozan təxminən 20-dən artıq nəşr barəsində materiallar təqdim olunub. Bunu çərşənbə günü Trend-ə "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasının sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

"Hazırda komissiya üzvləri həmin məsələləri araşdırırlar. Xüsusən şikayətlərdə kütləvi informasiya vasitələrinin materiallarındakı açıq hədələyici elementlər diqqətimizdədir. Bu kimi hallar azalsa da, ayrı-ayrı vətəndaşlardan daxil olan müraciətlərdəki motivlər məsələnin aktual səciyyə daşıdığını söyləməyə əsas verir", - Rəhimzadə bildirib.

MŞ rəsmisi yaxın zamanlarda rəhbərlik etdiyi komissiyanın növbəti iclasının keçiriləcəyini diqqətə çatdırıb. O bildirib ki, iclasda bir sıra nəşrlərin Şuranın "qara siyahı"sına salınması məsələsi müzakirəyə çıxarılacaq. Sədr həmçinin MŞ-yə "qara siyahı"dan çıxmaqla bağlı ünvanlanan müraciətlərin bəzisinin də komissiyada araşdırılacağını vurğulayıb.

"Bildiyiniz kimi, MŞ-nin "qara siyahı"da yer alan kütləvi informasiya vasitələrinin oradan çıxarılması ilə bağlı müraciətini araşdıran xüsusi "apellyasiya qrupu" var. Qrupa təqdim olunan materialları "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyası da araşdırır. Buna səbəb həmin nəşrlərin konkret olaraq nəyə görə siyahıya düşmələrinə gətirən cəhətləri bir daha nəzərdən keçirməkdir", - Komissiya sədri deyib.

O qeyd edib ki, bəzən elələri olur ki, vaxtilə etdiyi hərəkətlərdəki motivlər bu an üçün heç cür bağışamaya imkan vermir.

"Onların ictimai qınaq müddətinin uzadılması zəruri əhəmiyyət daşıyır. Buna görə də "qara siyahı"dan çıxma ilə bağlı müraciətlərin araşdırılmasına da həssas yanaşırıq. Hər bir halda məsələdə Şuranın "Reket nəşr"lərin müəyyənləşdirilməsinə dair Təlimatının şərtləri əsas götürülür", - Rəhimzadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti