...

Azərbaycanda müəllimlərin nəqliyyatdan güzəştli istifadə etməsi təklif olunur

Cəmiyyət Materials 15 Mart 2012 17:19 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi təshil işçilərinin dövlət qulluğunun xüsusi növünə aid edilməsi ilə bağlı hökumətə təqdim etdiyi təklifləri açıqlayıb.
Azərbaycanda müəllimlərin nəqliyyatdan güzəştli istifadə etməsi təklif olunur

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi təhsil işçilərinin dövlət qulluğunun xüsusi növünə aid edilməsi ilə bağlı hökumətə təqdim etdiyi təklifləri açıqlayıb.

Təhsil Nazirliyindən çümə axşamı Trend-ə verilən məlumata görə, bu təkliflər Azərbaycan Prezidentinin "Dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazirlanması barədə" ötən ilin aprelində imzaladığı sərəncamın icrası əsasında hazırlanıb.

Təkliflərdə müəllimlərə də dövlət qulluqçuları üçün nəzərdə
tutulmuş bır sıra təminatların tətbiqinin vacib hesab edildiyi bildirilir.

Təkliflərdə qeyd edilib ki, ədliyyə, gömrük, prokurorluq, müdafiə və s. nazirliklərdə olduğu kimi, müəllimlərin işə qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi, xidməti fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluğunun digər müddəalarına əsaslanan prinsipləri (məsələn: pensiya təminatı, icbari tibbi sığorta, dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlar və s.) saxlanılmaqla onların dövlət qulluğunun xüsusi növünə daxil edilməsi vacibdir.

Bu halda, təhsil işçiləri ilə əmək münasibətlərini tənzimləyən qanunvericilik aktı müəyyənləşdirilməli, əməkhaqqının ödənilməsi sisteminə yenidən baxılmalı, müəllimlərə də dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlar tətbiq olunmalıdır. Həmin təminatlar dövlət qulluqçusunun (təhsil işçisinin) layiqli həyat səviyyəsini təmin edən olmalı, onlara dövlət məvacibi və digər ödənişlər verilməli, lazımi qulluq şəraiti yaradılmalı, haqqı ödənilən məzuniyyət verilməli, dövlət qulluqçusu olan təhsil işçisinin icbari tibbi sığortası həyata keçirilməlidir.

Bununla yanaşı, müvafiq istiqamət üzrə əlavə təhsilalmaya şərait yaradılmalıdır. Təhsil müəssisəsi ləğv edildikdə və ya ştat ləğv olunduqda, dövlət qulluqçusuna vəzifə maaşına və ixtisasına uyğun vəzifə tutmaqda üstünluk verilməlidir. Bu, təhsil işçilərinin pensiya təminatı və dövlət sosial sığortası olmalıdır.

Təkliflərdə qeyd olunur ki, icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla nəqliyyatdan güzəştli istifadə, vəzifə öhdəliklərinin icrası ilə əlaqədar ona və ailə üzvlərinə qarşı törədilən zorakılıqdan, hədələrdən və təhqirlərdən müdafiə təmin olunmalı, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız öz razılığı ilə aşağı maaşlı vəzifəyə keçirilmə mümkün ola bilər. Eyni zamanda, müvafiq dövlət orqanının və təhsil müəssisəsi rəhbərliyinin tərkibinin dəyişməsi təhsil müəssisəsində çalışan dövlət qulluqçuları ilə bağlanmış əmək müqaviləsinin ləğvi üçün əsas ola bilməz.

Xəbər lenti

Xəbər lenti