...

Türkdilli dövlətlərin təhsil nazirlərinin görüşü keçiriləcək

Cəmiyyət Materials 18 Aprel 2012 16:17 (UTC +04:00)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulub.
Türkdilli dövlətlərin təhsil nazirlərinin görüşü keçiriləcək

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İsabalayeva/

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulub. Trend-in Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanovla görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı deyib.

Təhsil sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsini zəruri sayan Akıncı türk xalqlarının ortaq əlifbasının və dilinin qəbul olunması məsələsinə də toxunub. O deyib ki, ortaq dərsliklərin hazırlanması işi mühüm əhəmiyyət kəsb edir. Baş katib müvafiq təkliflərlə bağlı ortaq fikrə gəlməyin mümkünlüyünü qeyd edib.

Misir Mərdanov isə türk xalqlarının bir-birinə daha da yaxınlaşması üçün təhsil sahəsindəki əlaqələrin dərinləşdirilməsini zəruri sayıb.

Mərdanov Azərbaycanla Türkiyə arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində sürətlə inkişaf etdiyini bildirib. Hazırda 4 mindən çox azərbaycanlı gəncin Türkiyənin nüfuzlu universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil aldığını qeyd edən nazir Azərbaycanın ali təhsil müəssisələrində 3 mindən artıq türkiyəli tələbənin oxuduğunu söyləyib. Təhsil naziri bunu ölkələrimizin qardaşlıq münasibətlərinin təzahürü kimi səciyyələndirib.

Ölkəmizdə Azərbaycan-Türkiyə liseylərinin və Qafqaz Universitetinin fəaliyyətini yüksək dəyərləndirən nazir diqqəti ümumi təhsil sahəsində mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün ortaq dərsliklərin hazırlanması məsələsinə çəkib. Təhsil naziri hər iki ölkənin müvafiq mütəxəssisləri arasında müvafiq istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini bildirib.

Xəbər lenti

Xəbər lenti