Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir İ.İsabalayeva/
Bu il Azərbaycan əhalisinin qeyri-infeksion xəstəliklərdən qorunması üzrə 5 illik fəaliyyət planı hazırlanacaq. Bu barədə Trend-ə cümə axşamı Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Nümayəndəlikdən bildirilib ki, mayın sonunda Bakıda qeyri-infeksion xəstəliklərin risk faktorları üzrə tədbir keçiriləcək. Tədbirdə qeyri-infeksion xəstəliklərin risk faktorları ilə bağlı ölkə əhalisi arasında ÜST, Dünya Bankının dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilmiş araşdırmanın nəticələri təqdim ediləcək.
Fəaliyyət planının hazırlanması zamanı da həmin araşdırmanın nəticələrinin əsas götürüləcəyi gözlənilir. Sənədin hazırlanması üçün yerli və beynəlxalq ekspertlərdən ibarət işçi qrupu yaradılacaq. Onlar Azərbaycanda qeyri-infeksion xəstəliklərin qarşısının alınması üçün prioritet sahələri müəyyənləşdirəcəklər.
Fəaliyyət planının 5 illik olması nəzərdə tutulur. Planın bu il ərzində hazırlanması nəzərdə tutulur.
Qeyri-infeksion xəstəliklər dünyada, eləcə də Azərbaycanda insan ölümünün səbəbləri arasında ilk yeri tutduğu üçün Azərbaycanda da bu xəstəliklər üzrə fəaliyyət planının hazırlanması zəruri hesab edilir.
Qeyd edək ki, qeyri-infeksion xəstəliklərin sırasına ürək-damar, onkoloji, diabet və qeyri-infeksion respirator xəstəlikləri daxildir.