...

Azərbaycan Parlamenti ombudsmanın səlahiyyətlərinin artırılması ilə bağlı qanunvericiliyə dəyişikliyi qəbul edib

Cəmiyyət Materials 20 Aprel 2012 12:57 (UTC +04:00)
Azərbaycan Milli Məclisi cümə günü keçirilən iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) səlahiyyətlərinin artıtılması ilə bağlı bir sıra qanunlara dəyişiklikləri qəbul edib.
Azərbaycan Parlamenti ombudsmanın səlahiyyətlərinin artırılması ilə bağlı qanunvericiliyə dəyişikliyi qəbul edib

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisi cümə günü keçirilən iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) səlahiyyətlərinin artıtılması ilə bağlı bir sıra qanunlara dəyişiklikləri qəbul edib.

Trend-in məlumatına görə, bu məqsədlə "İnformasiya əldə etmək haqqında" qanunda, Cəzaların İcrası Məcəlləsində müvafiq dəyişikliklər edilib.

Cəzaların İcrası Məcəlləsinə ombudsmanın və Milli preventiv qrup üzvlərinin cəzaçəkmə müəssisələrinə başçəkmələrinin keçirilməsi ilə bağlı əlavələr edilib. Məcəlləyə edilən dəyişikliyə görə, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, cəzaçəkmə müəssisələrinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin cəzaçəkmə müəssisələrinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ var.

"Psixiatriya yardımı haqqında" qanuna edilən dəyişikliyə görə isə İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən psixiatriya müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslərlə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək hüququ var.

Xəbər lenti

Xəbər lenti