Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Nazirlər Kabineti "Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti qaydası"nı təsdiqləyib.
Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzləri hüquqi, tibbi, psixi, sosial və digər yardımın göstərilməsi məqsədi ilə yaradılan dövlət və qeyri-dövlət qurumlarıdır.
Yardım mərkəzlərində şəxsiyyətin konfidensiallığı təmin edilməklə, zərər çəkmiş şəxsin xahişi (razılığı) ilə ona zəruri yardım göstərilir, müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin edilir.
Dövlət yardım mərkəzləri Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən təşkil olunur. Yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, digər qurumlar və şəxslər yardım mərkəzləri yarada bilərlər.
Dövlət yardım mərkəzlərinin göstərdiyi xidmətlər ödənişsizdir.
Qeyri-dövlət yardım mərkəzləri zərər çəkmiş şəxslərə yardımla bağlı maliyyə qazancı və ya hər hansı başqa mənfəət əldə edə bilməz.
Mərkəzlərdə zərərçəkənlərə hüquqi, ilkin tibbi və psixoloji yardım - yardım mərkəzləri, ixtisaslaşdırılmış tibbi yardım Səhiyyə Nazirliyi, zərər çəkmiş şəxslərin işlə təmin edilməsi, yeni peşələrə yiyələnməsi, sosial müdafiəsi ilə bağlı digər tədbirlər yardım mərkəzləri və ƏƏSMN, təhsilinin davam etdirilməsi - yardım mərkəzləri və Təhsil Nazirliyi tərəfindən həyata keçirilməlidir.
Zərər çəkmiş uşaqlar yardım mərkəzində 3, digər şəxslər isə 2 ayadək öz xahişləri, cinayət təqibini həyata keçirən orqanın və ya məişət zorakılığı barədə şikayətə baxan orqanın göndərişi əsasında sığınacaqla təmin oluna bilərlər.
Yardım mərkəzlərində daxili intizam qaydalarını qərəzli şəkildə pozan şəxslər mərkəzin müdiriyyəti tərəfindən vaxtından əvvəl yardım mərkəzində verilmiş sığınacaqdan çıxarılırlar.
NK-nın təsdiqlədiyi "Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası qaydaları"nda isə bildirilir ki, akkreditasiya üçün mərkəz kimi fəaliyyət göstərəcək sahəyə baxış keçirilir, orada işləyəcək şəxslərlə söhbət aparılır, habelə müraciət etmiş şəxs barədə əlavə məlumatların alınması məqsədilə dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə sorğu göndərilir.
Akkreditasiya üçün müraciət etmiş şəxs yanlış məlumatlar təqdim etdikdə, kifayət qədər maliyyə mənbələrinə, işçi heyətinə, zəruri maddi-texniki bazaya malik olmadıqda, habelə qeyri-dövlət yardım mərkəzində fəaliyyət göstərəcək şəxslərin təhsili, təcrübəsi, psixoloji durumu və mənəvi keyfiyyətləri onların yardım mərkəzində işləməsinə imkan vermədikdə akkreditasiya olunmaqdan imtina olunur. Akkreditasiya edilmiş qeyri-dövlət yardım mərkəzinin fəaliyyəti 3 ildə bir dəfədən artıq olmamaq şərtilə yoxlanılacaq.
Yoxlama zamanı akkreditasiya tələblərinin pozulması aşkar edilərsə, bu pozuntular və ya çatışmazlıqlar qeyri-dövlət yardım mərkəzinin nəzərinə çatdırılır və onların aradan qaldırılması üçün 3 ay möhlət veriləcək. Akkreditasiyadan imtina edilməsi və akkreditasiyanın ləğvi barədə qərarlardan inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.