...

IDEA-nın tələbələr arasında elan etdiyi ümumrespublika inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilibm (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2012 18:05 (UTC +04:00)
Trend-in məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, IDEA layihəsi həqiqətən dünya miqyasında tanınan və gəncləri bir araya gətirən layihədir.
IDEA-nın tələbələr arasında elan etdiyi ümumrespublika inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilibm (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.Mehdiyev/

Ötən ilin iyulunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (International Dialogue for Environmental Action) Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyasının bu ilin yanvar ayında Azərbaycanda təhsil alan bakalavr və magistr tələbələr arasında elan etdiyi ümumrespublika inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, IDEA layihəsi həqiqətən dünya miqyasında tanınan və gəncləri bir araya gətirən layihədir.

Babayevin sözlərinə görə, Azərbaycan gəncliyi artıq dünya miqyasında özünə layiqli yer tutub. Nazir müavini hesab edir ki, IDEA layihəsi ən önəmli layihələrdən biri olaraq, Azərbaycandan dünya miqyasına çıxaraq dünya gənclərini bir platformada birləşdirir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə çıxışında deyib ki, sovetlər dönəmində Azərbaycanda ekologiya və ətraf mühit məhfumu yox səviyyəsində idi. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra və Azərbaycanın iqtisadiyyatı yüksəldikcə, bütün problemlər kimi ekologiya və ətraf mühit problemi də həllini tapır.

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bugünkü tədbiri dünyaya bir mesaj kimi, eyni zamanda, ətraf mühitlə bağlı problemlərdə həmrəyliyin nümunəsi kimi qiymətləndirib. O ümid edib ki, bu işlərin çox uğurlu davamı olacaq.

İnşa müsabiqəsinin əsas məqsədi Azərbaycan gənclərini 2012-ci il iyun ayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BMT-nin "Dayanıqlı İnkişaf üzrə Rio+20 sammiti"nə səfərbər etmək, həmin gəncləri planetimizin hazırda üzləşdiyi və gələcəkdə qarşılaşa biləcəyi qlobal ekoloji problemlər haqqında düşünməyə sövq etməkdir.

IDEA kampaniyasının təşkil etdiyi inşa müsabiqəsi Azərbaycan gəncləri üçün planetin ekoloji tarazlığının qorunub saxlanılmasına dair yeni ideyalarını və gələcəyə baxışlarını ifadə etməyə yaradılmış bir fürsətdir. Bu fürsətdən Milli Aviasiya Akademiyasının, Bakı Dövlət Universitetinin və Azərbaycan Diplomatik Akademiyasının tələbələri Tural Məhərrəmov, Nuranə Axundzadə və Alla Savelyeva yararlanaraq "Rio+20 sammiti"nə öz mesajlarını çatdırıblar və inşa müsabiqəsində münsiflər heyəti tərəfindən müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə qalib kimi seçiliblər.

Bu gün keçirilən mükafatlandırma mərasimində dövlət və özəl sektorunun nümayəndələri iştirak edərək, IDEA kampaniyası və keçirilən layihələr haqqında öz müsbət fikir və rəylərini iştirakçıların diqqətinə çatdırıblar.

IDEA kampaniyası inşa müsabiqəsini keçirməklə "Rio+20 sammiti" öncəsi dünyada mövcud olan ekoloji problemlərin həlli istiqamətində gedən proseslərə Azərbaycan gənclərinin baxışını öyrənməklə yanaşı, Azərbaycan ictimaiyyəti adından gənclərin mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmağı hədəf kimi özünə müəyyən edib.

Mərasimin sonunda kampaniyanın təşəbbüskarı Leyla Əliyeva tərəfindən irəli sürülən yeni təşəbbüsə əsasən, "IDEA ətraf mühit haqqında Kitab Layihəsi" üçün tender elan edilib.

Qeyd edək ki, layihə Azərbaycanda ilk dəfə olaraq ekologiya elminin inkişafı naminə innovativ və beynəlxalq təcrübə istifadə olunmaqla orta məktəb şagirdləri üçün dərsliyin nəşrini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti