...

Azərbaycanın orta məktəblərində yeni dərs ilindən yenilik tətbiq ediləcək

Cəmiyyət Materials 11 İyul 2012 13:53 (UTC +04:00)
2012-2013-cü dərs ilindən etibarən V siniflərdən başlayaraq ikinci xarici dil tədris olunacaq.
Azərbaycanın orta məktəblərində yeni dərs ilindən yenilik tətbiq ediləcək

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İsabalayeva/

2012-2013-cü dərs ilindən etibarən V siniflərdən başlayaraq ikinci xarici dil tədris olunacaq.

Təhsil Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" sənədinə əsasən, ümumtəhsil məktəblərinin ümumi orta və tam orta təhsil səviyyələrində tədris olunan fənlərin siyahısına ikinci xarici dil daxil edilib.

Müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin öyrənilməsindən imtina olunması yolverilməzdir.

İkinci xarici dilin tədrisini təmin etmək məqsədilə əməkhaqqı mövcud qaydada ödənilməklə digər təhsil müəssisələrindən müəllim (mütəxəssis) dəvət oluna bilər.

Azərbaycanın ümumtəhsil məktəbində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir. Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I (birinci) sinifdən başlanır. Tədrisi I (birinci) sinifdən başlanan xarici dil uşağın məktəbdə öyrəndiyi əsas xarici dil hesab edilir.

Xarici dilin (dillərin) tədrisi üçün məktəbdə müvafiq pedaqoji kadr potensialının və maddi-tədris bazasının olması zəruri şərt hesab edilir.

Bir neçə xarici dil tədris olunan məktəbdə övladı üçün müvafiq xarici dil onun valideyni (digər qanuni nümayəndəsi) tərəfindən seçilir. Valideynlərin (digər qanuni nümayəndələrin) seçimi ilə bağlı zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu təşkil oluna bilər. Bu halda qrupların bərabər şagird sayı, yaxud qismən az say fərqi ilə komplektləşdirilməsi, məktəbdə həmin xarici dillərin hər biri üzrə ən azı iki nəfər müəllimin olması nəzərə alınır.

İkinci xarici dilə ayrılan saat əsas xarici dilin öyrənilməsinə, ümumiyyətlə xarici dil keçilməyən məktəblərdə isə "Texnologiya" fənninin tədrisinə verilir.

Xəbər lenti

Xəbər lenti