...

Bu günədək ANAMA tərəfindən 672 mindən çox mina və PHS zərərsizləşdirilib

Cəmiyyət Materials 18 İyul 2012 10:42 (UTC +04:00)
İndiyədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 195 387 440 kvadrat metr ərazi təmizlənib.
Bu günədək ANAMA tərəfindən 672 mindən çox mina və PHS zərərsizləşdirilib

Azərbaycan, Bakı, 18 iyul /Trend/

İndiyədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 195 387 440 kvadrat metr ərazi təmizlənib. Bu barədə Agentliyin mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyilir.

Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 672 111-dir. Təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Tovuz, Göygöl, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri,
Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Əməliyyatlarda 484 mütəxəssis və 118 yardımçı
heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak
edir.

ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə: minaaxtaranlara, minaaxtaran
itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qruplarına malikdir. ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) və Minadan Zərərçəkənlərə Yardım sahələrində də kifayət qədər təcrübəsi vardır və hər iki sahə üzrə layihələr bu gün də uğurla həyata keçirilir.

MTM-lə bağlı fəaliyyət əsasən 3 istiqamətdə aparılır - məktəb və icma səviyyəli fəaliyyət, milli potensialın yaradılması və əhali arasında ümumi təbliğat işləri. MTM üzrə dərslər 24 rayonda 2335 müəllim tərəfindən 1200 məktəbdə keçirilir. Hal-hazırda bu kurs 52 000 şagirdi əhatə edir və növbəti illərdə də bunun davam etdirilməsi nəzərdə tutulur. Bununla yanaşı Azərbaycan Hökumətinin tapşırığına əsasən Əfqanıstan İslam Respublikasına qeyri-hərbi sahədə yardım layihəsi çərçivəsində 2008-ci ildən etibarən Agentlik tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Bunun nəticəsi olaraq MTM üzrə
şagirdlər üçün 24000 ədəd, müəllimlər üçün 1500 ədəd vəsaitin çap edilərək çatdırılması üzrə xeyli iş görülüb. Hazırda aparılan danışıqlara əsasən bu kimi fəaliyyətin gələcək illərdə də davam
etdirilməsi nəzərdə tutulur.

ANAMA ilə NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl təmizləmə layihəsi"nin birinci mərhələsi olan 19 kv.km ərazinin təmizlənməsi üzrə əməliyyatlarına aprel 2012-ci il tarixindən start verilib və 28 ay müddətinə başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin yaranmasının 14-cü ildönümüdür.

Xəbər lenti

Xəbər lenti