...

Mərkəzi Bankda jurnalistlər üçün "Açıq qapı" günü keçirilib (FOTO)

Cəmiyyət Materials 23 İyul 2012 17:45 (UTC +04:00)
Azərbaycan Milli Mətbuatının yaranmasının 137 illiyi münasibəti ilə Mərkəzi Bankda (AMB) jurnalistlər üçün "Açıq qapı" günü keçirilib.
Mərkəzi Bankda jurnalistlər üçün "Açıq qapı" günü keçirilib (FOTO)

Azərbaycan, Bakı 23 iyul /Trend/

Azərbaycan Milli Mətbuatının yaranmasının 137 illiyi münasibəti ilə Mərkəzi Bankda (AMB) jurnalistlər üçün "Açıq qapı" günü keçirilib.

AMB-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbiri açıq elan edən Mərkəzi Bankın sədr müavini Xaqani Abdullayev kütləvi informasiya vasitələri (KİV) nümayəndələrini peşə bayramları münasibətilə təbrik edib. Mərkəzi Bankın KİV nümayəndələri ilə intensiv əməkdaşlıq etdiyini vurğulayan Abdullayev qeyd edib ki, "Açıq qapı" günü tədbiri jurnalistlərə AMB-nin struktur bölmələrinin fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı verəcək.

Abdullayev Mərkəzi Bankın "2011-2014-cü illər üçün Strateji Planı" barədə qısa məlumat verərək bildirib ki, plan bankın bütün fəaliyyət sahələrini əhatə edir və hazırda bu planın icrası aktiv mərhələdədir.

Daha sonra isə jurnalistlər Mərkəzi Bankın Nağd pul, Pul siyasəti, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət, İnsan resursları, Ödəniş sistemləri və hesablaşmalar departamentlərinin fəaliyyəti ilə tanış olublar. KİV nümayəndələri ilə görüşən hər bir departament direktoru onlara rəhbərlik etdikləri struktur bölmənin fəaliyyəti barədə ətraflı məlumat verərək jurnalistlərin suallarını cavablandırıblar.

Jurnalistlər həmçinin Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Tədbirin sonunda Kommunikasiya departamentinin direktoru Rüfət Abbasov Mərkəzi Bankın kommunikasiya siyasəti barədə danışıb. Ümumi müzakirələrdən sonra jurnalistlərə hədiyyələr təqdim edilib.

Xəbər lenti

Xəbər lenti