...

Azərbaycan dilini necə qoruyaq: inzibati yolla, yoxsa?..

Cəmiyyət Materials 27 İyul 2012 12:47 (UTC +04:00)
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı haqqında imzaladığı sərəncamın icrası ilə əlqədar yaradılmış işçi qrupunun KİV nümayəndələri ilə birgə iclası keçirilib
Azərbaycan dilini necə qoruyaq: inzibati yolla, yoxsa?..

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında imzaladığı sərəncamın icrası ilə əlaqədar yaradılmış işçi qrupunun KİV nümayəndələri ilə birgə iclası keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən işçi qrupunun rəhbəri Kamal Abdulla deyib ki, işçi qrupu öz tərkibində müxtəlif sahələrdə Azərbaycan dilinin vəziyyətini araşdıran bloklar yaradıb. Onun sözlərinə görə, Azərbaycan dilinin bütün sahələrdə tətbiqi ilə bağlı təkliflər hazırlanır.

"İşçi qrupu bir neçə görüş keçirdi və fikir mübadiləsi aparılaraq təkliflər alındı. Biz bir mexanizm hazırlamağı qərara aldıq. Dilimizin meydanda, küçədə, şəhərdə yaşaması, korlanmaması üçün bu mexanizmin yaradılmasına ehtiyac var", - Abdulla deyib.

O, bildirib ki, KİV-də Azərbaycan dilinin vəziyyəti də önəmli məsələdir.

"Hər bir dövlət idarəsində hüquqşünas var, niyə dilşünas olmasın? Sənədlər elə halda hazırlanır ki, Azərbaycan dilinin vəziyyətinə acıyırıq", - Abdulla əlavə edib.

"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov çıxışında qeyd edib ki, dilə yeni sözlərin daxil olması və dilimizin çirklənməsi bir neçə mənbədən olur.

"İngilis dilində olan adları olduğu kimi götürürük, bəzi sözlərin qarşılığı ola-ola həmin sözlərdən istifadə edirik. Orta məktəblərdə dilin tədrisi çox aşağıdır. Orta məktəblərdə Azərbaycan dilinin tədrisinə, təbliğinə diqqət, dərs saatları artırılmalıdır. Biz dilimizi kifayət qədər sevmirik. Zərurət olmadığı halda alınma sözlərdən istifadə edirik. Uşaq bağçalarından başlayaraq, dilimizin sevdirilməsi üçün tədbirlər görməliyik", - Sadıqov deyib.

Baş redaktor bildirib ki, mətbuatda sözlərin düzgün yazılmasında böyük problemlər var.

"Bütün televiziyaların xəbər verilişlərində gedən titrlərdə hər gün səhvlər golur. Oradakı sözlər necə danışılırsa, elə də yazılır. Qəzetlərdə isə vəziyyət daha da ağırdı. Qəzetlərdə korrektura demək olar ki, ləğv olunub. Orfoqrafik səhvlər çoxdur", - Sadıqov deyib.

Millət vəkili hesab edir ki, "Azərbaycan" nəşriyyatında xüsusi korrektura şöbəsi yaradılmalıdır ki, qəzet çapdan çıxanda yazıları operativ yoxlasın.

O, bildirib ki, KİV-də dilimizə nəzarətlə bağlı qurum yaradılmalıdır.

"Bu qurum dilimizdə gedən proseslərə operativ müdaxilə edib son sözü deməlidir. Orfoqrafik lüğətlər mütəmadi çap olunmalı, yenilənməlidir. Buna da yaradılacaq həmin qurum nəzarət etməlidir", - Sadıqov deyib.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə çıxışında bəzi məmurların danışıq dilində olan problemlərə toxunub.

Baş redktor onların dilində yaranan problemləri söz bazasının olmaması ilə əlaqələndirib və qeyd edib ki, zəngin söz bazasının olması üçün bədii ədəbiyyat oxumaq lazımdır.

Onun fikrincə, dilin qorunması üçün müəyyən inzibati metodlar tətbiq edilməlidir.

"Daimi işləyən bir komissiya olmalıdır ki, Azərbaycan dilinin eybəcərləşməsinin qarşısını alsın, ictimai qınaq olsun. Qəzetlərin dilindəki eybəcərliklər barədə mütəmadi məlumat verilsin ki, yazını yazan jurnalist, redaktor utansın", - Məcid əlavə edib.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev çıxışında təklif edib ki, jurnalist olmaq istəyənlər xüsusi qabiliyyət imtahanı verməlidir. Ölkədə dil polisi olmalıdır, xüsusi dövlət statusu olan dili düzgün istifadə etməyənlər qanuna uyğun cəzalandırılmalıdır.

Xəbər lenti

Xəbər lenti