...

Milli təhlükəsizliyə "təkər" təhdidi

Cəmiyyət Materials 12 Sentyabr 2012 09:59 (UTC +04:00)
BMT-nin məlumatına əsasən, yol-nəqliyyat qəzaları nəticəsində dünyada hər il 1,2 milyon insan dünyasını dəyişir, 20-50 milyon nəfər xəsarət alır və bunun müqabilində ümumi iqtisadi itkilər 500 milyard dollardan çox təşkil edir. Yol-nəqliyyat qəzaları nəticəsində dövlətlərə dəyən maddi və mənəvi zərər, müasir dövrdə dövlətin milli təhlükəsizliyinə yönələn təhdidlərdən biri hesab edilməsi üçün əsas verir
Milli təhlükəsizliyə "təkər" təhdidi

Arzu Nağıyev - Trend-in icmalçısı

BMT-nin məlumatına əsasən, yol-nəqliyyat qəzaları nəticəsində dünyada hər il 1,2 milyon insan dünyasını dəyişir, 20-50 milyon nəfər xəsarət alır və bunun müqabilində ümumi iqtisadi itkilər 500 milyard dollardan çox təşkil edir. Yol-nəqliyyat qəzaları nəticəsində dövlətlərə dəyən maddi və mənəvi zərər, müasir dövrdə dövlətin milli təhlükəsizliyinə yönələn təhdidlərdən biri hesab edilməsi üçün əsas verir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, Azərbaycanda bu ilin 8 ayında 1863 yol qəzası qeydə alınıb, nəticədə 705 nəfər ölüb, 2028 nəfər yaralanıb. Bu dövrdə piyadanın vurulması ilə bağlı 635 yol qəzası baş verib, nəticədə 225 piyada ölüb, 454-ü yaralanıb. Sürət həddini aşan sürücülər 499 yol qəzası törədib, nəticədə 225 nəfər ölüb, 485-i yaralanıb. Ötmə qaydalarına riayət etməyən sürücülər isə 489 yol qəzası törədiblər və bu qəzaya görə 197 nəfər ölüb, 678-i yaralanıb. Yolayrıcını keçmə qaydasının pozuntusu ilə bağlı 167 qəza baş verib, nəticədə 38 nəfər ölüb, 218-i yaralanıb. Sərxoş sürücülər isə 55 yol qəzası törədib, buna görə 24 nəfər həyatını itirib, 65 nəfər xəsarət alıb. Bu yol qəzalarında 34 azyaşlı həlak olub, 159 nəfər isə xəsarət alıb.

Ölkədə yol-nəqliyyat qəzalarının əsas səbəblərini araşdırsaq görərik ki, yol hərəkəti üzvlərinin özlərinin şüurlu şəkildə təhlükəsizlik tələblərini yerinə yetirməməsi ön sırada durur.

Səbəblərdən sürət qaydasını pozmaq, idarə etmək hüququnun olmaması, keçid növbəsini pozmaq, qarşı yola çıxmaq, artıq yük vurmaq, məsafənin düzgün seçilməməsi, piyada keçidində qayda pozuntusu, içkili vəziyyətdə idarəetmə, işıqforlarda qaydalara riayət etməmək, yolların bərbad vəziyyəti, xəttə köhnəlmiş, nasaz nəqliyyat vasitələrinin çıxarılması, sürücülərin səfər qabağı tibbi müayinədən keçməməsi və s. sadalamaq olar.

Səbəblərdən biri də avtomobillərin sayının durmadan artmasıdır. Avtomobil parkının artımı nəqliyyat vasitələri sahiblərinin sayını da əhəmiyyətli dərəcədə artırır. Statistik göstəricilərə görə, 2011-ci ildə Azərbaycana ümumi qiyməti 266 milyon 708,60 min dollar olan (orta hesabla hər birinin dəyəri 8,974 min dollar) 29 718 avtomobil gətirilib. Bu isə 2010-cu illə müqayisədə idxal olan avtomobillərin sayının 9 792 min ədəd və ya 26,9 faiz, dəyərinin isə 90 milyon 077,2 min dollar və ya 51 faiz artması deməkdir.

Bundan başqa, sürücülük vəsiqələrinin verilməsində yol verilən neqativ proseslər yeni təcrübəsiz və naşı sürücülərin sayının kütləvi artımına səbəb olur.

Dünya statistikasına nəzər salsaq görərik ki, 1985-ci illə müqayisədə hazırda ABŞ-da avtomobil satışı iki dəfə azalıb. Eyni zamanda, 2004-cü idən başlayaraq hər bir sürücünün qət etdiyi məsafə İsveç, Almaniya, ABŞ, Böyük Britaniya, Avstraliya və Fransada azalıb və azalmaqda davam edir. 2012-ci ilin yanvarında təzə avtomobillərin satışı 2011-ci illə müqayisədə Fransada 21, İtaliyada isə 17 faiz azalıb. Bunun səbəbi isə yanacağın qiymətinin artması, tıxaclar, dayanacaqların azlığı və bahalığı, ictimai nəqliyyatdan daha çox istifadə, alqı-satqının internet vasitəsilə aparılmasıdır. Maraqlıdır ki, bu ölkələrdə gənclər arasında avtomobil idarə etmək dəbdən büşməyə başlayıb. Əgər 1998-ci ildə 17 yaşlı amerikalılar artıq sürücülük vəsiqəsinə malik idilərsə, hazırda onların sayı yarıya qədər azalıb. Gənclər sosial şəbəkələrdə ünsiyyət saxlamağa, internet mağazalar vasitəsilə alqı-satqı etməyə, mərkəzdə yaşamağa və orada yerləşən idman və istirahət mərkəzlərindən və bunun üçün ictimai nəqliyyatdan, velosiped, moped və motosikletlərdən istifadə etməyə daha çox üstünlük verirlər.

Avtomobil istehsalçılarının ümid yeri isə hələlik avtomobillə "münasibətdən cana doymayan", inkişaf edən ölkələr, əsasən, Braziliya, Rusiya, Hindistan və Çindir.

Yol hərəkətinin təhlükəsizliyi problemi ən mühüm sosial-iqtisadi problemlərdən biri kimi yalnız müxtəlif səviyyələrdə dövlət orqanlarının birgə səyləri nəticəsində həll edilə bilər. Bu isə yolların düzgün layihələndirilməsi və yol hərəkətinin idarə olunmasının təşkili, nəqliyyat vasitələri üçün yüksək standartların tətbiqi, yol hərəkəti qaydalarına riayət edilməsi, səlahiyyətli orqanlar tərəfindən nəzarətin həyata keçirilməsi, yollarda təhlükəsizliyə cavabdeh olan ictimai və dövlət müəssisələrinin rolunun artırılması, profilaktik tədbirlərin həyata keçirilməsi və qəti qərarların qəbul edilməsi deməkdir.

Bu tədbirlərin həyat keçirilməsində üzərinə ən böyük məsuliyyət düşənlər isə təbii ki, Dövlət Yol Polisinin əməkdaşlarıdır. Məlumdur ki, yollarda təhlükəsizliyi təmin etmək üçün DYP-nin texniki vasitələrlə təchizatı və tamamilə yeniləşdirilməsi işin keyfiyyətinə müsbət təsir göstərməklə bərabər, hərəkət iştirakçılarının da hüquqlarının qorunmasına xidmət edəcək. Yeni texnologiyaların tətbiqi isə yol polisi əməkdaşlarının təlimi sahəsində ciddi dəyişikliklər olmadan mümkün deyil.

Yol polisi əməkdaşları vətəndaşların yollarda yol hərəkəti qaydalarına və qanunlara riayət etmələrini tələb edərkən, eyni zamanda, özləri nümunəvi davranışları ilə seçilməli, qanunlarla bağlı yüksək bilik nümayiş etdirməli və zərərçəkmiş insanlara ilk yardım göstərməlidirlər.

DYP və FHN-in respublika və beynəlxalq əhəmiyyətli yollarda zərər çəkmiş yol hərəkəti iştirakçılarına ilkin yardım göstərməsi, xilasetmə tədbirləri görməsi və qəzaların nəticəsinin vaxtında aradan qaldırılması üçün birgə patrul xidmətlərinin yaradılması məqsədəuyğun olardı.

Məlumdur ki, yol hərəkətinin təhlükəsizlik mədəniyyəti insanın həyat fəaliyyətinin ümumi mədəniyyətinin ən mühüm komponentlərindən biridir. Gələcək genefondu qorumaq məqsədilə hər bir yol hərəkəti iştirakçısı daima öz imkanları daxilində bu işdə əlindən gələni etməlidir.

Xəbər lenti

Xəbər lenti