...

Sumqayıtdakı zavodda partlayış nəticəsində ölən iki nəfərin şəxsiyyəti müəyyənləşib

Cəmiyyət Materials 18 Sentyabr 2012 11:18 (UTC +04:00)
Sumqayıtdakı Səthi Yuyucu Vasitələri Zavodunda baş verən partlayış nəticəsində ölən iki nəfərin şəxsiyyəti müəyyənləşib.
Sumqayıtdakı zavodda partlayış nəticəsində ölən iki nəfərin şəxsiyyəti müəyyənləşib

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sumqayıtdakı "Məişət malları" Açıq Səhmdar Cəmiyyətində (keçmiş Səthi Yuyucu Vasitələri Zavodu) baş verən partlayış nəticəsində ölən iki nəfərin şəxsiyyəti müəyyənləşib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən çərşənbə axşamı Trend-ə deyilib ki, ölən şəxslərin biri 1956-cı il təvəllüdlü Babayev Sabir Kərim oğlu olub. Həmin şəxs Qubadlı rayonunun Xocahan kəndindən məcburi köçkün olub. O, Sumqayıt şəhərindəki 1 saylı yataqxanada məskunlaşıb.

Digər şəxs isə 1975-cı il təvəllüdlü Piriyev Piri Xuduş oğlu olub.

Sumqayıtdakı Səthi Yuyucu Vasitələri Zavodunda baş verən partlayış nəticəsində iki nəfər ölüb, 10 nəfər isə ağır yaralanıb. Bu barədə öncə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, xəsarət alanların hamısı hadisə yerinə gələn FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarıdır. Onlardan bir neçəsi evə buraxılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi və AR Baş Prokurorluğu Sumqayıtda baş vermiş partlayışla bağlı birgə məlumat yayıblar.

Sentyabrın 17-də saat 17:00 radələrində Sumqayıt şəhərində yerləşən "Məişət malları" Açıq Səhmdar Cəmiyyətinin ərazisində 6 ədəd yanacaq çənində yanğın baş vermiş və partlayış nəticəsində yanğın ətrafa yayılmağa başlamışdır.

Dərhal hadisə yerinə Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və Sumqayıt şəhər prokurorluğunun əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin maşın, mexanizm və helikopterləri gələrək yanğın hadisəsinin qarşısının alınması, hadisə nəticəsində xəsarət alan şəxslərə təcili tibbi yardım göstərilməsi və digər təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

Fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanmışdır.

İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, cəmiyyətin ərazisində yerləşən yanacaq çənlərində aparılan qaynaq işləri zamanı yanğın təhlükəsizliyi və əmək mühafizəsi qaydalarının pozulmasına yol verilmişdir.

Xəbər lenti

Xəbər lenti