...

Asiyanın telekommunikasiya şirkətləri metanollu yanacaq elementlərinə əsaslanan sistem tətbiq edir

Cəmiyyət Materials 4 Oktyabr 2012 10:29 (UTC +04:00)
Son illər dünyanın müxtəlif şirkətləri yanacaq elementlərinin üstünlüyünü görərək onları elektrik enerjisi hasil edən qurğuların daha səmərəli işi üçün tətbiq etməyə başlayıb.
Asiyanın telekommunikasiya şirkətləri metanollu yanacaq elementlərinə əsaslanan sistem tətbiq edir

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Son illər dünyanın müxtəlif şirkətləri yanacaq elementlərinin üstünlüyünü görərək onları elektrik enerjisi hasil edən qurğuların daha səmərəli işi üçün tətbiq etməyə başlayıb.

Yanacaq elementləri XXI əsrin texnoloji yeniliyidir. Onlar maye metanol kimi yüksək enerjili yanacağı birbaşa elektrik enerjisinə çevirmək qabiliyyətinə malik olan elektrokimyəvi qurğulardır. Yanacaq elementləri səssiz işləyir və ənənəvi batareya və akkumulyatorlarla müqayisədə daha uzunmüddətli istismar imkanı vəd edir.

Bu yaxınlarda energetika sistemlərinin optimallaşdırılması üçün ekoloji cəhətdən təmiz yanacaq elementləri təchizatçısı olan "Ballard Power Systems" şirkəti yanacaq elementləri əsasında işləyən və elektrik enerjisi hasil edən 102 qurğunun təchizatı üçün ilk sifarişlərini alıb. Bu məhsullar bütün Cənub-Şərqi Asiya regionu üzrə telekommunikasiya şəbəkələrində quraşdırılacaq.

"Ballard" bu yaxınlarda "IdaTech" şirkətindən distribüter sözləşməsi, müştərilərlə müqavilələr və istehsal xətləri kimi bəzi aktivlər əldə edib. "IdaTech" şirkəti mühüm bazar əlaqələrinə və inkişaf etmiş bazarlara malik olduğundan "Ballard" əvvəllər də bu şirkətin sistemləri üçün yanacaq elementləri batareyaları tədarük edirdi.

Metanollu yanacaq elementləri əsasında elektrik enerjisi hasil edən 102 sistem İndoneziyada iki simsiz telekommunikasiya-rabitə şəbəkəsi üçün effektiv ehtiyat enerji mənbəyi kimi istifadə olunacaq. Yanacaq elementləri əsasında elektrik enerjisi hasil edən sistemlər dizel generatorlarına və ya qurğuşun-turşu akkumulyatorlarından alınan elektrik enerjisi ilə müqayisədə ekoloji cəhətdən daha təmizdir. Bu sistemlər arasında ELECTRAgen-H2 hidrogen bazasına əsaslanan sistemlər "qısamüddətli ehtiyat elektrik enerjisi sistemləri" kimi istifadə olunacaq.

Metanol əsasında işləyən ELECTRAgen-ME sistemləri isə gələcəkdə "uzunmüddətli ehtiyat elektrik enerjisi"nə olan tələbatı ödəmək üçün istifadə olunmalıdır.

Xəbər lenti

Xəbər lenti