Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Pakistan və Əfqanıstanda qanunsuz silahlı birləşmələrdə hərbi təlimlər keçmiş Azərbaycan vətəndaşının məhkəməsi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, Qalib Əzizov məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, Əzizov 2008-ci ilin əvvəlindən başlayaraq müxtəlif vaxtlarda Pakistan və Əfqanıstana gedərək hərbi düşərgələrdə təlimlər keçib. O, həmin ölkələrdə azərbaycanlı kontingentin də daxil olduğu hərbi koalisiya qüvvələrinə qarşı döyüşüb. Qalib Əzizov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub.
O, Cinayət Məcəlləsinin 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 228.ci (qanunsuz silah gəzdirmə) maddələri ilə təqsirli bilinib.