...

Baytarlıq Xidmətində kadr dəyişiklikləri olub

Cəmiyyət Materials 18 Oktyabr 2012 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir H.Vəliyev/

Kənd təsərrüfatı naziri İsmət Abasovun əmrinə əsasən, Bakı şəhər Baytarlıq İdarəsinin rəisi Rəşid Abbasov və onun müavini Aslan Aslanov vəzifələrindən azad ediliblər. Bu barədə cümə axşamı Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbat katibi Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, Rəşid Abbasovun vəzifəsindən azad edilməsi onun Kənd Təsərrüfatı Nazirliyinin İnvestisiya, proqram və layihələrin hazırlanması şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi ilə əlaqədardır. Aslan Aslanov isə 20 nömrəli baytarlıq-sanitariya ekspertizası laboratoriyasının direktoru təyin edilib.

"Hazırda Bakı şəhər Baytarlıq İdarəsi rəisinin müavini vəzifəsini müvəqqəti olaraq Baytarlıq anbarının müdiri Şahmar Abdullayev icra edir. Bakı şəhər Baytarlıq İdarəsinin yeni rəisi isə hələ təyin edilməyib", - o bildirib.

Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində keçirilən mətbuat konfransı çərçivəsində adıçəkilən komitənin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti rəisinin vəzifəsini icra edən Əbülfət İmanov bu məsələ ilə bağlı başqa fikirlər səsləndirib.

Onun sözlərinə görə, Bakı şəhər Baytarlıq İdarəsinin rəhbərliyinin vəzifəsindən azad edilməsi onun fəaliyyətinin baytarlıq və texniki normalara uyğun gəlməməsi ilə əlaqədardır.

"Dövlət Nəzarəti Xidmətinin apardığı yoxlamalar zamanı tələblərə cavab verməyən, sahəsi 3-10 kvadratmetr olan laboratoriyalar aşkar edilib. Həmçinin, analizlərin aparılması üçün laboratoriya avadanlıqlarının sayının kifayət qədər olmadığı, baytarlıq normalarına cavab verməyən fəaliyyət müəyyənləşdirilib", - İmanov qeyd edib və əlavə edib ki, bu pozuntular haqqında nazirlik rəsmən məlumatlandırılıb.

İmanovun sözlərinə görə, Nazirlər Kabineti paytaxtın Baytarlıq İdarəsinin fəaliyyətində yol verilən səhvlərin qısa müddət ərzində aradan qaldırılması barədə göstəriş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti