...

Azərbaycan-Ukrayna dostluğunda gənclərin rolu movzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2012 10:09 (UTC +04:00)
Ukraynanın Vinnitsa şəhərində "Azərbaycanla Ukraynanın tarixi dostluq əlaqələrinin inkişafında gənclərin rolu" mövzusunda konfrans keçirilib.
Azərbaycan-Ukrayna dostluğunda gənclərin rolu movzusunda konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Ukraynanın Vinnitsa şəhərində "Azərbaycanla Ukraynanın tarixi dostluq əlaqələrinin inkişafında gənclərin rolu" mövzusunda konfrans keçirilib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyindən (UAGB) Trend-ə verilən məlumata görə, Vinnitsa vilayət təşkilatnın təşəbbüsü ilə keçirilən tədbirdə Türkiyə, Rusiya, Fələstin, Moldova, Çin və digər ölkələrin gəncləri də iştirak edib.

Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlanan tədbiri UAGB-nin Vinnitsa Vilayət təşkilatının sədri Süleyman Süleymanlı açaraq, Azərbaycan ilə Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən danışıb.

Ölkələrimizin dövlət müstəqilliyi əldə etməsindən sonra ikitərəfli iqtisadi-siyasi, elmi-mədəni əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan təşkilat rəhbəri xalqlarımız arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində gənclərin üzərinə düşən tarixi missiyadan danışıb.

Tədbirdə Vinnitsa Vilayət Deputatlar Sovetinin sədri Sergey Tatasyuk çıxış edərək, müstəqillik tarixlərini qoşa addmlayan Azərbaycan ilə Ukraynanın beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınmasının tarixi əhəmiyyətindən söz açıb.

Tədbirdə çıxış edən Vinnitsa şəhərindəki Azərbaycan diasporunun nümayəndəsi Eldar Nəzərov son illər Ukraynada xalqımızın milli-mənəvi dəyərlərinin, qədim və zəngin mədəniyyətinin, o cümlədən Azərbaycan həqiqətlərinin təbliğ olunmasında Ukrayna Azərbaycanlı Gənclər Birliyinin həyata keçirdiyi tədbirlərin müstəsna əhəmiyyətindən danışıb.

Sonra tədbirə qatılanlar Azərbaycanın qədim və müasir həyatını özündə əks etdirən sənədli filmə baxmaqla, günü-gündən yeniləşən ölkəmizin füsunkar gözəllikləri ilə tanış olublar.

Tədbir iştirakçılarına son illər Azərbaycanda həyata keçirilən qlobal iqtisadi layihələr haqqında ətraflı məlumat verən UAGB-nin sədri Anar Tahirov bu gün Avroatlantik məkana inamlı inteqrasiya yolunu tutan Azərbaycan ilə Ukraynanın beynalxalq tədbirlərdə eyni mövqedən çıxış etmələrini, prinsipal məsələlərdə bir-birilərinə dəstək vermələrini müstəqillik tariximizin uğuru kimi dəyərləndirib. Bu məsələlərdə gənc nəslin də eyni mövqedən çıxış etmələrinin vacibliyini vurğulayıb.

Tədbirdə azərbaycanlı və ukraynalı gənclərin nümayiş etdirdiyi milli rəqslər, rəngarəng mahnılar və şən və həzin musiqi nömrələri böyük maraqla qarşılanıb.

Tədbirin sonunda Vinnitsanın ictimai mədəni həyatında göstərdikləri fəallığa görə UAGB-nin Vinnitsa vilayət təşkilatına Vinnitsa vilayət Radasının fəxri diplomu və hədiyyələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti