...

Ortaq türk tarixinin yazılmasına başlanılıb

Cəmiyyət Materials 30 Oktyabr 2012 13:38 (UTC +04:00)
Ortaq türk tarixi dərsliyinin yazılması üçün qarşı tərəflər də fəallıq göstərərlərsə və Türkiyə bu məsələyə Azərbaycanın mövqeyindən müsbət yanaşarsa, 2-3 il ərzində türk dünyasının orta əsrlər tarixi hazır ola bilər.
Ortaq türk tarixinin yazılmasına başlanılıb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Ortaq türk tarixi dərsliyinin yazılması üçün qarşı tərəflər də fəallıq göstərərlərsə və Türkiyə bu məsələyə Azərbaycanın mövqeyindən müsbət yanaşarsa, 2-3 il ərzində türk dünyasının orta əsrlər tarixi hazır ola bilər. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, ortaq türk tarixinin tədrisinə orta məktəblərdən başlamaq lazımdır.

Tarixçi hesab edir ki, dərslik hazır olduqdan sonra onun ilk növbədə Türkiyə və Azərbaycanda tədrisi nəzərdə tutulur. Bundan sonra isə digər türk ölkələrinə - Özbəkistan, Qazaxıstan, Türkmənistana belə bir dərsliyin məktəblərdə tədrisi üçün müraciət ediləcək.

Mahmudov deyib ki, artıq Azərbaycan türk dünyasının tarixinin hazırlanması üçün ilk uğurlu addımlarını atıb. Ancaq institut direktoru ortaq türk tarixinin hazırlanması istiqamətində Türkiyə tarixçilərinin apardığı işlərin gedişatından razı deyil.

"Ortaq türk tarixinin hazırlanmasında bizə ilk növbədə qardaş Türkiyə qoşulmalıdır və biz bu tarixi yaratmalıyıq. Təəssüf doğuran hal odur ki, dəfələrlə vəd verilməsinə, danışıqlar aparılmasına baxmayaraq, qardaş Türkiyədə bu işlər bir o qədər də yaxşı aparılmır", - tarixçi əlavə edib.

Mahmudov qeyd edib ki, ortaq türk tarixi yaradılarkən ümumtürk dünyasının mənafeyindən çıxış etmək lazımdır, məhəlli mənafelər kənar qoyulmalıdır. Bu tarix yaradılarkən bütün türk ölkələrinin tarixinə obyektiv yanaşılmalıdır. Elə bir dərslik yaranmalıdır ki, azərbaycanlılar, türkiyəlilər, eləcə də digər türk xalqlarının nümayəndələri onu oxuyanda öz doğma tarixlərini görsünlər.

İnstitut direktoru bildirib ki, bu tarix yaradılarkən daha çox Türkiyə tarixçilərinin bir sıra ciddi qüsurları aradan qaldırılmalıdır.

"Məsələn, Əmir Teymura olan münasibət dəyişməlidir. Türk tarixçilərinin ona, eyni zamanda Səfəvi dövlətinə münasibəti normal deyil. Şah İsmayıla bəzən İran şiə şairi deyərək qiymət veriblər. Amma o, böyük Səfəvi imperatoru kimi qiymətləndirilmir. Uzun Həsənə bir tarixi şəxsiyyət kimi doğru-düzgün qiymət verilmir", - Mahmudov deyib.

Türk dünyasının bütün nailiyyətlərinin daha çox orta əsrlər dövrünə təsadüf etdiyini xatırladan tarixçi hesab edir ki, hazırda ən vacib olanı türk dünyasının orta əsrlər dövrünü hazırlamaqdır. Bunu yaratdıqdan sonra türk dünyasının qədim və müasir dövr tarixini hazırlamaq o qədər çətin olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti