...

Vüqar Əliyev: Dövlət orqanları və media münasibətlərinin cəmiyyətin inkişafına uyğun təkmilləşdirilməsi əsas vəzifələrdəndir

Cəmiyyət Materials 12 Noyabr 2012 11:13 (UTC +04:00)
Dövlət orqanları ilə media arasında münasibətlərin demokratik inkişaf, ifadə azadlığı, informasiya cəmiyyəti prinsiplərinə uyğun formalaşdırılması və cəmiyyətin inkişafına uyğun təkmilləşdirilməsi daim qarşıda duran vəzifələrdən biridir.
Vüqar Əliyev: Dövlət orqanları və media münasibətlərinin cəmiyyətin inkişafına uyğun təkmilləşdirilməsi əsas vəzifələrdəndir

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət orqanları ilə media arasında münasibətlərin demokratik inkişaf, ifadə azadlığı, informasiya cəmiyyəti prinsiplərinə uyğun formalaşdırılması və cəmiyyətin inkişafına uyğun təkmilləşdirilməsi daim qarşıda duran vəzifələrdən biridir. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bazar ertəsi ATƏT-in Bakı Ofisi və Mətbuat Şurasının birgə təşkil etdiyi, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri və KİV nümayəndələrinin iştirak etdiyi ikigünlük seminarın açılışında çıxışı zamanı deyib.

"Azərbaycan cəmiyyətində şəffaflığın, cəmiyyətin məlumatlandırılması istiqamətində ifadə, media azadlığının təmin edilməsi dövlət siyasətinin prioritetlərindən birini təşkil edir. Şəffaflığın təmin edilməsi məqsədilə kifayət qədər sivil qanunvericilik bazası formalaşdıra bilmişik. Cəmiyyətdə şəffaflığın təmin edilməsi üçün praktiki addımların atılması sahəsində yetərincə iş görülüb. Bütün dövlət orqanlarında müvafiq strukturlar fəaliyyət göstərir. Bütün dövlət strukturlarında internet resursları fəaliyyət göstərir", - Əliyev əlavə edib.

Onun sözlərinə görə, bu proses təkmilləşdirilib, həmin dövlət qurumlarının internet saytlarında daha çox informasiyanın yerləşdirilməsi prosesi gedir. Elə dövlət orqanları var ki, onların internet resurslarında qanunla yayılmasına icazə verilmiş informasiyanın 75 faizi yerləşdirilib.

Əliyev bildirib ki, Azərbaycanda elektron hökumətin formalaşdırılması istqamətində ciddi tədbirlər görülür. Elektron xidmət növləri müəyyənləşdirilib. Nazirlər Kabinetinin qərarı ilə elektron xidmət növlərinin sayı 450-yə çatdırılıb. Dövlət orqanlarında 300-ə yaxın e-xidmət göstərilir. Onlardan 150-si interaktivdir.

"Bu proses getdikcə daha da təkmilləşəcək. Xidmətlərin çeşidləri daha da artırılacaq. Azərbaycanda bu gün informasiya cəmiyyətinin formalaşdırılması istiqamətində iş gedir. Bu, müasir dövrün tələbidir. İnformasiya cəmiyyəti dövründə bu prosesi sürətləndirən əsas amillərdən biri də qlobal şəbəkənin, internetin daha da sürətlənməsidir. Bu məsələdə dövlət orqanları operativ olmalı, işini müasir dövrün tələblərinə uyğun qurmalı, eyni zamanda cəmiyyətin informasiya təhlükəsizliyi məsələsi barəsində düşünməlidir. Dövlət orqanları tərəfindən müvafiq tədbirlərin görülməsi dövrün tələbidir", - PA rəsmisi deyib.

Əliyev qeyd edib ki, dövlət bu istiqamətdə üzərinə düşən vəzifələri sona qədər icra edəcək. Bu, uzun bir prosesdir və ilbəil təkmilləşdirilir. Daha da mükəmməl formaya çatdırılması üçün dövlət üzərinə düşən vəzifələri yerinə yetirəcək.

Qeyd edək ki, bu gün ATƏT-in Bakı Ofisi və Mətbuat Şurasının birgə təşkil etdiyi, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri və KİV nümayəndələrinin iştirak etdiyi ikigünlük seminar öz işinə başlayıb. Seminarda 16 dövlət orqanının mətbuat xidmətinin nümayəndələri və 10-dan artıq KİV nümayəndəsi iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti