Azərbaycan, Bakı, 9 yanvar /Trend/
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Dnepropetrovsk vilayət təşkilatının təşəbbüsü ilə Dnepropetrovsk şəhərindəki 1 saylı uşaq evində xeyriyyə konserti keçirilib.
Birlikdən Trend-ə verilən məlumata görə, UAGB-nin Dnepropetrovsk vilayət təşkilatının nümayəndələri əvvəlcə internat evindəki xəstə uşaqlara hədiyyələr təqdim edərək onların həssas qəlbini sevindiriblər. Uşaqlarla keçirilən görüşdə Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev və UAGB-nin Dnepropetrovsk vilayət təşkilatının rəhbəri Elza Bəkirova çıxış edərək internet evinin balaca sakinlərini Yeni il münasibətilə təbrik ediblər. Onlara sağlam həyat və xoşbəxt gələcək arzulayıblar.
Tədbirdə çıxış edən Dnepropetrovsk şəhər 1 saylı uşaq evinin müəllimləri hər il ənənəvi olaraq uşaq evinə maddi və mənəvi yardım göstərdiklərinə görə azərbaycanlı gənclərə və diaspor nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.
Sonra Azərbaycan konqresinin və gənclər birliyinin təşkilatçılığı ilə uşaqlar üçün maraqlı konsert proqramı nümayiş etdirilib. Yeni ilin ilk günlərinə xoş ovqatla başlayan uşaqlar azərbaycanlı gənlərlə rəqs edib, ürəkdolusu şənləniblər.