...

Azərbaycanda ilk dəfə məktəblərə netbuklar müsabiqə yolu ilə veriləcək

Cəmiyyət Materials 10 Yanvar 2013 10:15 (UTC +04:00)
Azərbaycanın təhsil sistemində ilk dəfə olaraq, orta məktəblərə netbuklar müsabiqə yolu ilə veriləcək.
Azərbaycanda ilk dəfə məktəblərə netbuklar müsabiqə yolu ilə veriləcək

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil sistemində ilk dəfə olaraq, orta məktəblərə netbuklar müsabiqə yolu ilə veriləcək.

Təhsil Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu məqsədlə bu gündən "1 şagird:1 kompüter" müsabiqəsi elan edilib. Müsabiqənin məqsədi İKT əsaslı fərdiləşmiş təhsilin formalaşması, "1 şagird:1 kompüter" layihəsi çərçivəsində netbukların daha səmərəli istifadəsinə hazır olan müəllimlərin və məktəblərin seçilməsidir.

Müsabiqə üzrə məlumatlar www.musabiqe.edu.az veb səhifəsində yerləşdirilib. Müsabiqədə iştirak etmək istəyənlər 8 fevral tarixinədək layihə təqdim edə bilərlər. Müsabiqə çərçivəsində qalib gəlmiş müəllimlərin bir sinfinin şagird kollektivi netbuklarla təchiz olunacaq. Hər bir qalib müəllim onun tədris etdiyi sinifdə şagirdlərin sayı qədər netbuklar alacaq. Yeni texnologiyaların təhsilə tətbiqi prosesinə daha hazır müəllimlər cəlb olunacaq.

Müsabiqə iki mərhələdə keçiriləcək. Təqdim edilmiş layihələrin qiymətləndirmə meyarları layihənin tədris məqsədləri üçün praktik əhəmiyyəti, metodiki baxımdan işlənmə səviyyəsi, materialların texniki-texnoloji cəhətdən rahat, aydın və anlaşıqlı təsviridir.

Məktəblərə netbukların yeni qayda ilə verilməsi "1 şagird:1 kompüter" layihəsi çərçivəsində texnologiyalara daha böyük maraq göstərən təhsil müəssisəsinə netbukların verilməsinə imkan verəcək. "1 şagird:1 kompüter" layihəsi çərçivəsində verilən netbukların sayı məhdud olduğu üçün Təhsil Nazirliyi müsabiqə formatına keçid barədə qərar verib. Təcrübə uğurlu olarsa, sayı məhdud olan digər texnoloji avadanlıqların da müsabiqə yolu ilə məktəblərə verilməsi istisna edilmir.

Qeyd edək ki, "1 şagird:1 kompüter" layihəsi çərçivəsində Azərbaycanın 15 ümumtəhsil müəssisəsinə artıq 2077 netbuk təmənnasız olaraq verilib. Şagirdlər bu netbuklardan həm məktəbdə, həm də evdə istifadə edirlər. Netbuklar, həmçinin genişzolaqlı simsiz internet modemləri və təhlükəsiz internet paketi ilə təchiz olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti