...

Leyla Əliyeva: Azərbaycan Şərq ilə Qərbi birləşdirən, çox zəngin mədəniyyətə və qədim tarixə məxsus misilsiz ölkədir (FOTO)

Cəmiyyət Materials 5 Fevral 2013 12:01 (UTC +04:00)
Fevralın 4-də Moskvanın məşhur “Multimedia Art Muzey”ində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın Rusiyadakı səfirliyinin və “Baku” jurnalının birgə təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti sərgisi” açılıb.
Leyla Əliyeva: Azərbaycan Şərq ilə Qərbi birləşdirən, çox zəngin mədəniyyətə və qədim tarixə məxsus misilsiz ölkədir (FOTO)

Azərbaycan, Bakı, 5 fevral /Trend /

Fevralın 4-də Moskvanın məşhur "Multimedia Art Muzey"ində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın Rusiyadakı səfirliyinin və "Baku" jurnalının birgə təşkilatçılığı ilə "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti sərgisi" açılıb.

Trend-in AzərTAc Dövlət İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyi açılış mərasimində Rusiyanın nüfuzlu şəxsləri, ictimai xadimləri, incəsənət adamları, dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar var idi.

İndiyədək Londonda, Berlində və Parisdə nümayiş etdirilən sərgi Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində uğurlu fəaliyyətinin davamıdır. Sərgi Rusiya paytaxtında da xüsusi maraqla qarşılanmışdır. Fevralın 24-dək davam edəcək sərgidə rəngkarlıq, heykəltəraşlıq, installyasiya, video-art, performans və foto janrlarında işləyən 21 Azərbaycan rəssamının 107 əsəri nümayiş etdirilir. Əsərlərin əksəriyyəti məxsusi olaraq sərgi üçün yaradılmışdır.

"Multimedia Art Muzey"in direktoru Olqa Sviblova açılış mərasimində çıxış edərək bu möhtəşəm tədbirin əhəmiyyətini vurğulamış, belə bir sərginin Rusiya paytaxtının mədəni həyatında əlamətdar hadisə olduğunu bildirmişdir.

O.Sviblova sərginin təşkilinə dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü ifadə edərək, Azərbaycanının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycan incəsənətinin və mədəniyyətinin hərtərəfli təbliğində danılmaz rolunu vurğulamışdır.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edərək demişdir:

"Mən bu gün sizin hamınızı "Bakıya uçuş. Azərbaycan müasir incəsənəti sərgisi"ndə salamlamağa şadam. Mənə çox xoşdur ki, bu sərgi yaradıcılığın ən qabaqcıl və maraqlı növləri üçün açıq olan və bütün dünyada istedadlı insanları təqdim edən məşhur "Multimedia Art Muzeyi"ndə keçirilir. Bu gün biz sizin üçün ən müxtəlif üslub və istiqamətləri əks etdirən Azərbaycan müasir incəsənəti sərgisi hazırlamışıq. Bu sərgi üzərində 21 Azərbaycan rəssamı çalışmışdır. Onların bəziləri gəncdir, yaradıcılığa yenicə başlamışdır. Lakin onların arasında çox tanınmış rəssamlar da vardır. Bu gün siz burada video, installyasiya, heykəltəraşlıq, rəngkarlıq və foto janrlarında 100-dən çox əsər görəcəksiniz. Ən maraqlısı odur ki, əsərlərin əksəriyyəti məxsusi olaraq "Bakıya uçuş" sərgisi üçün hazırlanmışdır. Bu sərgi artıq Londonda, Parisdə, Berlində nümayiş etdirilmişdir və ümid edirəm ki, onu dünyanın bir çox şəhərlərində də görəcəklər".

Leyla Əliyeva çıxışında bildirib ki, onlar bu sərgiyə təxminən 2 ildır hazırlaşıblar.

"Ümid edirəm ki, sərgi sizə öz dilində - incəsənət dilində bu gün bizim Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaqdır. Axı Azərbaycan Şərq ilə Qərbi birləşdirən, çox zəngin mədəniyyətə və qədim tarixə məxsus misilsiz ölkədir. Azərbaycan çox şeylə fəxr edə bilər. Bəlkə də çoxları bilmir ki, Azərbaycan 1901-ci ildə qızlar məktəbi açmış, 1918-ci ildə qadınlara ilk dəfə seçki hüququ vermiş ilk Şərq ölkəsidir. Şərqdə ilk opera - "Leyli və Məcnun" da bizdə yaranmışdır. Azərbaycan həmişə mənəvi dəyərləri və ənənələri birləşdirmişdir. Bu gün bizim ölkəmizdə müsəlman məscidi, zərdüşt məbədi, xristian kilsəsi və sinaqoq vardır. Şəhərimizin arxitekturası, ümumiyyətlə, İçərişəhərdəki Qız qalasından Zaha Hadidin postmodernizm memarlıq şedevrinə və əlbəttə ki, hamımızın sevdiyi, Xəzər dənizinin sahillərində yerləşən Bakı bulvarınadək ən müxtəlif üslubları özündə birləşdirir" Leyla Əliyeva deyib.

Heydər Əliyev Fondunun vitse-prezidenti ümid edir ki, bu sərgi Azərbaycanın müasir incəsənətini daha dərindən öyrənməyə imkan verəcəkdir.

"Mən xoşbəxtəm ki, bu sərgi bu gün Moskva kimi gözəl şəhərdə, bu yaraşıqlı salonda açılır. Bu, bizim burada keçirdiyimiz ilk tədbir deyildir. Bir il bundan əvvəl burada "Baku" jurnalının ingilisdilli versiyasının təqdimatı keçirilmişdi. Mən sizə sevinclə bildirmək istəyirəm ki, bu gün jurnalımızın 5 yaşı tamam olmuşdur. Ötən dövr ərzində biz sevimli oxucularımızı tapmışıq və ölkəmizin zəngin mədəniyyəti, qədim tarixi və maraqlı insanlarından söhbət aça bilmişik. Lakin 5 yaş böyük müddət deyildir. Ona görə də əminəm ki, gələcəkdə bizi çox maraqlı mövzularda məqalələr gözləyir.
Əziz dostlar, bu axşamı bizimlə keçirdiyinizə görə sizə təşəkkür edirəm və Olqa Sviblovaya dərin minnətdarlığımı bildirirəm. Biz uzun illərdir ki, birlikdəyik. Bu, bizim birinci layihəmiz deyildir. Bizi qarşıda çox maraqlı layihələr gözləyir. Mən həm də bu sərgi üzərində işləyənlərin hamısına, o cümlədən kuratorumuz Erve Mikaeloffa və bütün bu əsərləri yaratmış gözəl və istedadlı rəssamlara təşəkkürümü bildirirəm. Mən sizin hamınıza xoş axşam arzulayır və bizim sehirli şəhərimiz Bakıya uçuşa dəvət edirəm. Çox sağ olun" Leyla Əliyeva deyib.

Sərginin kuratoru Erve Mikaeloff çıxışında ekspozisiyanın zənginliyi, nümayiş etdirilən əsərlərin orijinallığı ilə fərqləndiyini diqqətə çatdırmışdır. O vurğulamışdır ki, bu cür tədbirlər qədim köklərə malik Azərbaycan incəsənətinin dünyada tanınmasına xidmət edir. E.Mikaeloff demişdir: "Əminəm ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu tədbirlər sayəsində Azərbaycan incəsənəti dünyada tanınmış brend olacaqdır".
Azərbaycan rəssamlarının əsərləri 2007-ci ildən Venesiya Müasir İncəsənət Biennalesində mütəmadi olaraq sərgilənir. Bu baxımdan təkcə milli rəssamlıq ənənələrini deyil, həm də dünya incəsənətinin meyllərini incəliklə duyan Azərbaycan rəssamları Şərq ilə Qərbin sintezini məharətlə ifadə edir, geniş və məzmunlu mədəni dialoqun yaranmasına öz töhfələrini verirlər. Ekspozisiyaya daxil edilmiş əsərlər qədim tariximizdən, zəngin ənənələrimizdən, xalqımızın nəcib və incə hisslərindən müasir incəsənətin dili ilə söhbət açır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan nağıllarına çəkdiyi illüstrasiyaları, "Kəpənək", "Bizim keçmişimiz", "Biri var idi, biri yox idi", "Məhəbbət", "Yalan", "Tənhalıq" və digər əsərləri sərgiyə gələnlərin xüsusi marağına səbəb olmuşdur.

Tanınmış rəssam Altay Sadıqzadənin heykəltəraşlıq, rəngkarlıq və qrafika əsərləri, Aida Mahmudovanın şəhər mənzərələri, Faiq Əhmədin alüminium və plastik kütlədən hazırladığı ornamentləri, Rəşad Ələkbərovun və Elyar Əlimirzəyevin tətbiqi incəsənət janrında işləri ən peşəkar tamaşaçıları belə heyran qoymuşdur.

Sərgiyə gələnlərin azərbaycanlı rəssamların ustalığını, geniş dünyagörüşünü, keçmişlə müasirliyi məharətlə sintez etmək bacarığını vurğulaması Azərbaycan dövlətinin, xüsusilə də Heydər Əliyev Fondunun ölkəmizdə mədəniyyət və incəsənət sahəsinə diqqət və qayğı ilə yanaşmasının daha bir təzahürüdür.

Sərgi ilə tanış olan Rusiyanın Xalq Artisti Gennadi Xazanov deyir: "Heydər Əliyev Fondu ölkələrimiz arasında mədəni körpünün daha da möhkəmlənməsində xüsusi rol oynayır. Ümumiyyətlə, Heydər Əliyevin adı ilə bağlı hər bir hadisə mənim üçün çox əhəmiyyətlidir. Bu dahi insanın mənim həyatımda xüsusi yeri vardır. Düşünürəm ki, "Bakıya uçuş" sərgisi Azərbaycan mədəniyyətinin dünyada tanınması istiqamətində əhəmiyyətli addımdır".

Kinorejissor Yeqor Konçalovski sərgi barədə təəssüratını belə ifadə etdi: "Məhz bu gün biz "Bakı, mən səni sevirəm" filmi üzərində işi başa çatdırdıq. Əlbəttə, biz bu filmi Heydər Əliyev Fondunun dəstəyi, himayəsi və köməyi olmadan çəkə bilməzdik. Bakı sadəcə şəhər deyildir, Bakı sivilizasiyadır. Mən bu dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, vitse-prezident Leyla xanım Əliyevaya təşəkkürümü bildirirəm. Bakıda Azərbaycan rəssamlarının bir neçə əsərini almışam. Mənim kolleksiyamda Azərbaycanın 8 rəssamının əsəri vardır".

Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının bədii rəhbəri Yuli Qusman da təəssüratlarını bölüşərək dedi: "Mən çox xoşbəxtəm ki, bu, həqiqətən nəhəng sərgi Moskvada nümayiş etdirilir. Leyla xanım həm də gözəl rəssamdır. Onun baş redaktoru olduğu "Baku" jurnalı bütün dünyada sevilir. "Bakıya uçuş" sərgisi isə Moskvanın mədəni həyatında əlamətdar hadisədir".

"YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova deyir: "Mən burada sərgilənən rəsmlərimdə uşaqlıq xatirələrimi canlandırmağa çalışmışam. Abşeron mənzərələrini, Xəzər sahillərini əks etdirməkdən zövq alıram. Çəkdiyim işlərdə keçmişlə bu günü və gələcəyi birləşdirən məqamları tapıb göstərməyə çalışmışam".
Sərgiyə gələnlərə Heydər Əliyev Fondunun rəssamların əsərlərindən hazırladığı açıqcalar və kitabçalar paylanmışdır.

Sərgidən sonra "Baku" jurnalının 5 illik yubileyi ilə əlaqədar ziyafət təşkil olunmuşdur. Ziyafətdə "Baku" jurnalına həsr olunmuş film və moda sərgisi nümayiş etdirilmişdir.

FOTO: AzərTAc

Məqalədə:
Xəbər lenti

Xəbər lenti