...

Azərbaycanda 100 manatlıq əsginaz alanlardan 30 qəpik tutulacaq

Cəmiyyət Materials 20 Fevral 2013 14:31 (UTC +04:00)
Mərkəzi Bank mövcud qanunvericilikdən irəli gələrək ölkənin makroiqtisadi inkişaf templərini, tədavüldə olan nağd pul kütləsinin artım dinamikasını nəzərə alaraq, nağd pulun strukturunun optimallaşdırılması və ödənişlərdə adekvatlığının təmin edilməsi üçün mütəmadi olaraq qiymətləndirmələr aparır.
Azərbaycanda 100 manatlıq əsginaz alanlardan 30 qəpik tutulacaq

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.Xəlilova/

Mərkəzi Bank mövcud qanunvericilikdən irəli gələrək ölkənin makroiqtisadi inkişaf templərini, tədavüldə olan nağd pul kütləsinin artım dinamikasını nəzərə alaraq, nağd pulun strukturunun optimallaşdırılması və ödənişlərdə adekvatlığının təmin edilməsi üçün mütəmadi olaraq qiymətləndirmələr aparır.

Mərkəzi Bankdan Trend-ə bildiriblər ki, aparılmış qiymətləndirmələr və monitorinqlərin nəticəsində ölkə ərazisində nağd pulla əməliyyatların səmərəliliyin artırılması, pul nişanlarının nominal strukturunun optimallaşdırılması, hesablaşmalarda nağd puldan istifadənin azaldılması və nağdsız ödəniş sistemlərindən istifadənin stimullaşdırılması məqsədilə 01.02.2013-cü il tarixindən etibarən Mərkəzi Bank tərəfindən 100 manatlıq əsginazların nağd məxarici üzrə 0.3% tarif müəyyən olunub.

Qeyd edək ki, son 7 il ərzində 100 manatlıq əsginazın tədavüldə xüsusi çəkisi 75%-ə çatıb ki, bu da beynəlxalq təcrübədə qəbul edilmiş normadan yüksəkdir. Tariflərin tətbiqi 100 manatlıq əsginaza tələbi azaltmaqla müvafiq əsginazın yükünün digər nominallı əsginazların üzrərinə ötürülməsinə və bununla da tədavüldə nağd pulun strukturunun optimallaşdırılmasına təsir edə bilər. Belə ki, 100 manatlıq əsginaza tariflərin tətbiqi banklar tərəfindən tranzaksiyalarda digər əsginazların payını artıracaq ki, bu da əhalinin nağd pulun srtukturuna olan tələbinin ödənilməsi zamanı adekvatlığı təmin edə bilər.

Məlumata görə, beynəlxalq təcrübədə əksər ölkələrdə nağd pul sferası üzrə bir sıra biznes proseslər (pul nişanlarının saxlanması, daşınması və emalı) Mərkəzi Banklar tərəfindən özəl sektora ötürülüb və müvafiq xidmətlər kommersiya banklarına ödənişli əsaslarda göstərilir. Lakin Azərbaycan Mərkəzi Bankında nağd pulla bağlı xidmətlərə görə heç bir xidmət haqqı tutulmurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti