Təfərrüatlar əlavə olunub (İlk xəbər 10:43-də yayılıb)
Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir E.İsmayılov/
Bakı metrosunda səhər saatlarında vaqonların hərəkətində problem yaranıb. Trend-in məlumatına görə, metronun "20 Yanvar" və "İnşaatçılar" stansiyası istiqamətində sərnişinlər vaqonlardan boşaldılıb. Vaqonlar tünellərdə 10-15 dəqiqə qalıb.
Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə Trend-ə bildirib ki, vaqonların hərəkət cədvəlində problemə səbəb yeni gətirilən vaqonların birində elektrik qidalanma sistemində yaranan nasazlıq olub və qatar gərginlikdən açılıb. Ona görə də vaqonların hərəkətində problem yaranıb.
Onun sözlərinə görə, həmin vaqon xəttdən aparıldıqdan sonra digər vaqonların hərəkəti bərpa olunub.
Tağızadə qeyd edib ki, yeni gətirilən vaqonların test rejimində işləməsi zamanı indiyə qədər hər hansı problem yaranmamışdır. Yeni vaqonda yaranan texniki problem araşdırılacaq.