Azərbaycan, Bakı, 29 mart /Trend/
3-6 aprel 2013-cü il tarixlərində Tailandın paytaxtı Bankok şəhərində Beynəlxalq Ombudsmanlar İnstitutu və Asiya Ombudsmanlar Assosiasiyasının birgə təşkilatçılığı ilə beynəlxalq seminar və treninq keçiriləcək. Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bu mötəbər tədbirlərə dəvət olunub.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, insan hüquqları mövzusunda keçiriləcək həmin beynəlxalq tədbirlər Tailand Ombudsman İnstitutunun yaradılmasının 13-cü ildönümünə həsr olunub. Bu tədbirlərə Avropa və Asiya ölkələrindən insan hüquqları üzrə tanınmış beynəlxalq ekspertlər, ombudsmanlar, həmçinin milli insan hüquqları təsisatlarının əməkdaşları, habelə insan hüquqları və idarəçiliklə bağlı QHT-lərin nümayəndələri, tələbələr və KİV təmsilçiləri qatılacaqlar.
Beynəlxalq tədbirlərdə insan hüquqlarının müxtəlif aspektləri ilə bağlı mövzularda məruzələr dinləniləcək.
Elmira Süleymanova çıxışında Azərbaycanda insan hüquqlarının təmini və ombudsmanın bu istiqamətdə fəaliyyəti barədə ətraflı məlumat verəcək.
Müvəkkil səfər çərçivəsində xarici həmkarları ilə təcrübə və fikir mübadiləsi aparacaq, gələcək əməkdaşlığın perspektivlərini müzakirə edəcək.