...

Moskvada azərbaycanlı həkimlərin I Tibb Forumu keçirilib (FOTO)

Cəmiyyət Materials 1 May 2013 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may / Trend, müxbir İ.İsabalayeva/

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə bu ölkədə fəaliyyət göstərən azərbaycanlı həkimlərin I Tibb Forumu keçirilib.

Trend-in çərşənbə günü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şəxsi saytına istindən verdiyi məlumata görə, Azərbaycanın Səhiyyə, Gənclər və İdman nazirlikləri, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə məqsəd Azərbaycan və Rusiya səhiyyəsinin bir çox sahələrinin nümayəndələri arasında sıx əməkdaşlığı inkişaf etdirmək, habelə tibb sahəsində gənc mütəxəssislərin Azərbaycanda işlə təmin edilməsi proqramının gerçəkləşdirilməsinə yardım göstərməkdir.

RAGB-ın idarə heyətinin üzvü Emin Hacıyev tədbiri açaraq birliyin bu layihəsinin əhəmiyyətindən danışıb, forumun keçirilməsinə dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla Əliyevaya təşəkkürünü bildirib.

Sonra Azərbaycanda səhiyyə sahəsinin inkişaf mərhələlərini əks etdirən film nümayiş etdirilib.

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev forumda çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkədə səhiyyənin inkişafına, tibb kadrlarının yetişdirilməsinə və səhiyyə sahəsində təhsilin keyfiyyətinə həmişə qayğı ilə yanaşdığını xatırladıb. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev respublikada səhiyyənin inkişafı istiqamətində səmərəli siyasəti uğurla davam etdirir. Dövlət başçısının imzaladığı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" sayəsində minlərlə gənc xaricdə, o cümlədən ən nüfuzlu ali tibb təhsili ocaqlarında elmin sirlərinə yiyələnir. "Son 10 ildə Azərbaycanda səhiyyə sahəsinə ayrılan büdcə vəsaitinin həcmi 11 dəfə artıb, 500-dən çox tibb müəssisəsi tikilib və yenidən qurulub. Əksəriyyəti bölgələrdə yerləşən bu müəssisələrin hamısı ən müasir avadanlıqla təchiz edilib. Azərbaycanda dövlət tibb müəssisələrində əhaliyə tibbi xidmətlər pulsuz həyata keçirilir. Səhiyyənin inkişafı sahəsində dövlət proqramları tibbin ən mürəkkəb sahələrini əhatə edir. Ölkəmizdə böyrək çatışmazlığı kimi ağır xəstəliyin, dünya səhiyyəsi üçün aktual problem olan diabet xəstəliyinin müalicəsini dövlət öz üzərinə götürüb. Azərbaycanda 180 min diabet xəstəsi bütün zəruri preparatları pulsuz əldə edə bilir", - nazir qeyd edib.

Oqtay Şirəliyev bugünkü tədbirdə məqsədin Azərbaycan və Rusiyanın tibb müəssisələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi, ən başlıcası yüksək ixtisaslı tibb kadrlarının hazırlanması işinin inkişafı olduğunu söyləyib.

Azərbaycan və Rusiya səhiyyələri arasında uzun illər davam edən sıx əməkdaşlıq münasibətlərindən danışan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə bu günlərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində görkəmli oftalmoloq alim, Rusiyanın səhiyyə dairələrində böyük nüfuza malik bir şəxsiyyət - Zərifə Əliyevanın yubileyinin keçirildiyini xatırladıb, ötən il Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Moskvada İ.M.Seçenov adına Birinci Dövlət Tibb Universitetinin fəxri professoru adının verildiyini yada salıb.

Səfir bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə RAGB-ın belə bir əhəmiyyətli forum keçirməsi mühüm hadisədir. "Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf yolu ilə irəliləyir. Son illər Azərbaycan çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu tədbirlərə dünyanın hər yerindən qonaqlar qatılır. Həmin tədbirlərin Rusiya təmsilçiləri ilə hər görüşlərimdə onlar öz təəssüratlarını bölüşür, Azərbaycanın inkişafını vurğulayırlar. Əlbəttə, bütün bu islahatlar səhiyyə sahəsində də əks olunur. Bakıda və bölgələrdə müasir tibb müəssisələri fəaliyyət göstərir. Ancaq ən başlıcası isə bu müəssisələrdə çalışan bilikli və istedadlı, bacarıqlı həkimlərdir", - diplomat qeyd edib.

N.N.Bloxin adına Uşaq Onkologiyası və Gemotologiya Mərkəzinin direktoru, Rusiya Tibb Elmləri Akademiyasının (RTEA) akademiki, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev, RTEA-nın müxbir üzvü, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Pyotr Litvitski, RTEA-nın akademiki, Lomonosov adına Moskva Dövlət Universitetinin Tibbi-Elmi Təhsil Mərkəzinin direktoru Yuri Belenkov çıxışlarında Azərbaycanda səhiyyə sahəsində keçirilən islahatlardan danışıb, Rusiya və Azərbaycan səhiyyələri arasında qarşılıqlı əlaqələrin dərin köklərə malik olduğunu diqqətə çatdırıblar.

Yüzdən çox gənc həkimin və 50-dən çox qonağın qatıldığı forum işini "Səhiyyə sahəsində dövlət proqramları", "Cərrahiyyə və stomatologiya", "Kadr siyasəti və müasir tibb avadanlığı", "Ana və uşaqların mühafizəsi" mövzularında bölmə iclaslarında davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti