...

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin III Ümumukrayna forumu keçiriləcək

Cəmiyyət Materials 3 May 2013 09:24 (UTC +04:00)
Mayın 20- 21-də Odessa şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin III Ümumukrayna forumu keçiriləcək.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin III Ümumukrayna forumu keçiriləcək

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.Mehdiyev/

Mayın 20- 21-də Odessa şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin III Ümumukrayna forumu keçiriləcək. Birliyin sədri siyasi elmlər namizədi Anar Tahirov Trend-ə bildirib ki, son illər xaricdə təhsil alan azərbaycanlı gənclərə dövlət qayğısının artırılması Ukraynada təhsil alan 6 minə yaxın azərbaycanlı gəncə də oz töhfəsini verməkdədir.

Belə ki, bu ilin mart ayında İtaliyanın paytaxtı Roma şəhərində keçirilmiş Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunda (ASAİF) qərara alındığı kimi, cari ilin mayın 20-21 tarixlərində də Ukraynanın Odessa şəhərində azərbaycanlı gənclərin 3-cü Ümumukrayna forumu keçiriləcək.

Forumun keçirilməsində əsas məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan gənclərinin inkişafı istiqamətində qarşıya qoyduğu vəzifə və tapşırıqların yerinə yetirilməsinə Ukraynada nail olmaqdır. Forumun gedişatında Ukryanada təhsil alan və məzun olmuş gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək Azərbaycanın xaricdə təbliğinin səmərəli təşkilinin təmin edilməsi, şəbəkələşmə prosesinin gücləndirilməsi, informasiya mübadiləsi, təbliğat işinin interaktiv həyata keçirilməsi kimi məsələlərdə gənclərimizə dəstək olmaq, onların problemləri ilə maraqlanmaq və onların operativ həll olunması üçün uyğun şərait yaratmaq, dövlət rəsmiləri ilə gənclərimizi bir araya gətirərək onlar arasında dialoqu təmin etmək, illərlə qazanılmış təcrübələrin bölüşdürülməsi üçün ortaq platforma qurmaq, eyni zamanda Ukrayna-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində gənclərin fəallığını artırmaqdır.

Azərbaycan hökümətinin, Azərbaycanın Ukraynadakı səfirliyinin, ASAİF-in, Ukrayna Gənclər Forumunun, Ümumukrayna Gənclər Assambleyasının dəstəyi və UAGB -nin təşkilatçlığı ilə keçiriləcək forumda Qarabağ həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən öhdəliklər, Ukraynada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai-siyasi həyatına, o cümlədən, dövlət və hökumət strukturlarına inteqrasiya olunması və digər həlli vacib olan məsələlər əsas müzakirə obyekti olacaq. Forumun yekun sənədində Ukraynada təhsil alan azərbaycanlı gənclərlə Şərqi Avropa ölkələrində təhsil alan gənclərin gələcək fəaliyyət proqramı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onların qarşısında duran vəzifələr, xüsusən də, bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərində gənclərin mövqeyinin bəyan edilməsi öz geniş əksini tapacaq.

Odessa şəhərində keçiriləcək forumda Ukraynanın 26 vilayət və şəhərindən, o cümlədən Azərbaycandan və bir sıra Avropa ölkələrindən 300-dən çox nümayəndə ilə yanaşı Azərbaycan və Ukraynanın yüksək çinli dövlət məmurlarının, millət vəkillərinin iştirakı gözlənilir.

Forumun əsas maliyyə xərclərini hər zaman böyük sosial layihələr həyata keçirməklə yüksək nüfuz qazanmış Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) öz üzərinə gotürüb, qismən maliyyə dəstəyini isə Azərbaycan Gənclər Fondu göstərir.

Qeyd edək ki, Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) 2010-cu il aprel ayının 24-də Dnepropetrovsk şəhərində Ukraynanın 19 vilayətində təhsil alan və yaşayan 800 azərbaycanlı gəncin qatıldığı 1-ci forumun qərarına əsasən təsis olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti